Ölkə

Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO

19 Aprel 2019 19:37
0 Şərh     Baxış: 351

Aprelin 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Baş nazir təşkilatın regionun informasiya məkanında önəmini vurğulayıb. O, feyk xəbərlərin geniş yayıldığı bir dövrdə OANA-ya üzv agentliklərin etibarlı xəbər mənbəyi kimi qeyri-dürüst məlumatlarla mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib və onların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Aslan Aslanov tədbirin yüksək səviyyədə təşkilinə, mehriban qonaqpərvərliyə görə Baş nazirə, Vyetnam hökumətinə​ və VNA agentliyinə təşəkkür edib. O bildirib ki, vaxtılə UNESCO-nun himayəsi ilə yaradılan, Asiya və Sakit okean ölkələrinin aparıcı xəbər agentliklərini öz ətrafında birləşdirən OANA onlayn xəbər axını şəraitində, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtda öz nüfuzunu ildən-ilə daha da artırır, onu daha etibarlı, jurnalistika dəyərlərini qoruyub saxlayan təşkilat kimi önə çıxarır. Üzv agentliklər arasında sıx əməkdaşlıq xalqların adət-ənənələrini bir-birinə daha yaxından tanıtmaq, Asiya və Sakit Okean ölkələrində baş verən iqtisadi, siyasi, mədəni yenilikləri dünyaya daha asan çatdırmaq üçün böyük imkanlar yaradır.

Vyetnam Xəbər Agentliyi ilə AZƏRTAC arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Aslan Aslanov bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin Vyetnam və Azərbaycan xalqlarının obyektiv məlumatlarla operativ təmin olunmasındakı rolundan məmnunluqla söhbət açıb.

Baş nazir Nguyen Xuan Phuk Vyetnamın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edərək, iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Hanoy ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının mümkünlüyünü qeyd edib. Baş nazir bir vaxtlar Azərbaycanda ali təhsil alan bir çox vyetnamlının indi dövlət və hökumət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını söyləyib, bu insanların ölkələrimiz arasında əlaqələrin daim yaxınlaşmasına öz töhfələrini verdiklərini bildirib.

Görüşdə müasir medianın inkişafı məsələləri, feyk xəbərlərlə mübarizə, innovasiyalı texnologiyalardan səmərəli istifadə yolları, qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.