Ölkə

Bakı Ali Neft Məktəbində Tələbələrin I Respublika Elmi Konfransları başlandı

17 Aprel 2019 13:07
0 Şərh     Baxış: 380

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi konfransları başlandı.

Konfransın açılış mərasimində BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də, SOCAR və AMEA-nın rəhbər heyəti və nümayəndələri iştirak etmişdilər. Tədbirə, həmçinin ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının akademik və administrativ heyəti, o cümlədən BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, Huawei, Maire Technimont, ABB, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətlərinin təmsilçiləri qatılmışdılar.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov ulu öndər Heydər Əliyevin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü olaraq Baki Ali Neft Məktəbində Ümummilli liderin anadan olmasının ildönümünə həsr olunan tələbələrin elmi konfranslarının keçirilməsinin artıq ənənəvi xarakter daşıdığını bildirdi. Cəmiyyətdə elm və təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən və əldə olunan nailiyyətlərdən danışdı, dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirdi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik İradə Hüseynova, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik Vaqif Abbasov, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü prof. Aydın Kazımzadə elm və təhsilin vəhdətindən və bu kimi konfransların tələbələrdə elmi potensialın inkişafına verdiyi önəmdən bəhs etdilər.

Xatırladaq ki, BANM-də tələbələrin elmi-texniki konfransları hər il təşkil olunur. Bu il ilk dəfə olaraq konfranslar hər biri çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər, Keyfiyyətli enerji, keyfiyyətli xidmət və Yüksək texnologiyalar- innovativ tətbiqlər mövzuları çərçivəsində təşkil olunur. Ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbələri də konfransda iştirak edirlər. Ümumilikdə Konfransda iştirak etmək üçün Respublikanın ali təhsil müəssisələri və AMEA-nın İnstitutları üzrə 177 nəfər tələbə və gənc alim müraciət etmişdir. Tələbələrə Azərbaycan, ingilis və rus dillərində təqdimatlar etmək imkanı yaradılır. Ali Məktəblə əməkdaşlıq edən SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, BP, Huawei, Maire Technimont, Shclumberger, ABB, Baker Hughes, Schneider Electric, Halliburton, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətləri isə yekunda qalibləri şirkətlərin korporativ hədiyyələri ilə mükafatlandırır ki, bu da öz növbəsində tələbələri elmi-tədqiqata və bu tipli tədbirlərdə daha fəal iştiraka həvəsləndirmiş olur. Konfrans 19 aprel 2019-cu il tarixində öz işini yekunlaşdıracaqdır.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.