Ölkə

TREND-in əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyinin fəal işıqlandırılmasına görə mükafatlandırılıblar - FOTO

16 Aprel 2019 09:15
Baxış: 768

Aprelin 15-də TREND İnformasiya Agentliyinin Mətbuat Mərkəzində agentliyin bir sıra əməkdaşlarına Azərbaycanın təhlükəsizlik orqanlarının 100 illik yubileyi münasibətilə mükafatların təqdim olunması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi sədri Şamil Süleymanov TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərova "Mehdi Hüseynzadə" medalını, agentliyin əməkdaşları Vüqar İmanov və Samir Güləliyevə isə "Fəxri fərman"lar təqdim edib.

Ş.Süleymanov xüsusilə vurğulayıb ki, "Alyans"ın fəaliyyətinin populyarlaşmasına TREND İnformasiya Agentliyi səbəb olub: "Bu gün biz sizə qonaq gəlmişik ki, Azərbaycanın xüsusi xidmət orqanlarının 100 illiyini qeyd etməyə kömək edən şəxsləri mükafatlandıraq və kitablarımızı təqdim edək".

Azərbaycanın dövlət təhlükəsizliyi orqanları barədə danışan Ş.Süleymanov ümummilli lider Heydər Əliyev barədə xatirələrini də bölüşüb. O qeyd edib ki, təhlükəsizlik orqanlarında işə bilavasitə Heydər Əliyevin rəhbərliyi altında başlayan şəxslərdən olub:

"Ulu öndər Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarının milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi üçün əlindən gələni edib. 1960-cı ildən sonra Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dəyişikliklər oldu. Heydər Əliyev həmişə çalışırdı ki, təhlükəsizlik orqanlarında milli kadrlar yetişsin. Ümummilli liderin təhlükəsizlik orqanlarının rəhbəri təyin olunmasından sonra bu sistemdə azərbaycanlı kadrların sayı sürətlə artdı".

Onun sözlərinə görə, ulu öndər təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də kadrların yetişdirilməsinə çalışırdı: "O, bütün sahələrlə maraqlanırdı, Azərbaycan xalqının inkişafı üçün əlindən gələni edirdi".

Ş.Süleymanov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev də xüsusi xidmət orqanlarının əməkdaşlarına xüsusi diqqət və qayğı göstərir: "Xüsusi xidmət orqanları veteranları Prezident İlham Əliyevin keçirdiyi sosial-iqtisadi islahatları dəstəkləyir".

Veteranlara diqqət və qayğısına görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri general-polkovnik Mədət Quliyevə təşəkkürünü bildirən Ş.Süleymanov qeyd edib ki, Azərbaycanın təhlükəsizliyinin qorunması hər bir təhlükəsizlik orqanı əməkdaşının müqəddəs borcudur: "Bu gün "Alyans" Mədət Quliyevin səyləri və köməyi sayəsində inkişaf edir. Onun vaxtında təşkilatımız dirçəldi, genişləndi".

O bildirib ki, Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi təntənəli şəkildə qeyd olunub: "Bizə altı ölkədən veteranlar təşkilatının veteranları gəlib və "Alyans"ın təntənəli gecəsində iştirak edib. Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyevin bilavasitə rəhbərliyi altında keçirilib".

Ş.Süleymanov həmçinin vurğulayıb ki, tədbirlər silsiləsi Azərbaycanın bir çox şəhər və rayonlarını əhatə edib: "Regionlarda görüşlərin təşkilinin əsas məqsədi gənc nəslin ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti barədə məlumatlandırılması idi".

Daha sonra Ş.Süleymanov Heydər Əliyevin bilavasitə iştirakı ilə keçirilmiş əməliyyatların işıqlandırıldığı kitablar barədə danışıb: "İlk bir neçə kitab Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş agentura işlərinə aiddir. Heydər Əliyev şəxsən hər bir işə rəhbərlik edir, istiqamət verir, yekun vurur və son nəticələr çıxarırdı. Kitabların məzmunu ilə tanış olduqdan sonra görmək olar ki, burada təhlükəsizlik orqanlarının operativ fəaliyyətindən bəhs olunur. Mən 2005-ci ildə Moskvada kitablardan birini çap edərkən demişdilər ki, bu cür kitabı nəşr etmək olmaz - burada əməliyyat işinin sirləri açılır".

Ssonra İctimai Birliyin sədri Ş.Süleymanov tədbir iştirakçılarına kitablar hədiyyə edib.

"Alyans" İctimai Birliyinin sədr müavini Azər Qarayev isə qeyd edib ki, təhlükəsizlik orqanlarının 100 illiyi ərəfəsində TREND-lə birgə yanvar ayından mart ayınadək keçirilmiş tədbirlər planı hazırlanmışdı:

"Ölkə ictimaiyyəti bu tədbirləri müsbət qarşıladı. Təhlükəsizlik orqanlarının yaradılmasında və milli kadrların formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Hamıya məlumdur ki, o zamanlar təhlükəsizlik orqanlarında digər xalqların nümayəndələri çoxluq təşkil edirdi. Heydər Əliyev rəhbərliyə gəldikdən sonra bu sistemdə köklü dəyişikliklər oldu. Ulu öndər Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların artırılmasına səy göstərdi. O zaman əsas məsələlərdən biri təhlükəsizlik orqanlarında milli kadrların sayının artırılması idi və bu proses 1953-cü ildən başlayaraq ardıcıl həyata keçirildi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.