Ölkə

PA: Çoxmənzilli binalardakı mənzillərin 70 faizində artıq sakinlər məskunlaşıb

15 Mart 2019 17:29
Baxış: 769

"Hazırda Azərbaycanda 330 çoxmənzilli binada 70 minə yaxın mənzil var ki, həmin mənzillərin 70 faizində artıq insanlar məskunlaşıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

F.Mustafayevin sözlərinə görə, hazırda Gəncədə 13, Sumqayıtda 13, Abşeron rayonunda 36 bina var. Fövqəladə Hallar Nazirliyinə onların hamısında yoxlama aparılması barədə tapşırıq verilib.

PA rəsmisi qeyd edib ki, fevralın 19-da Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman bütün respublikaya şamil edilir və sənəd yaşayış binalarına aiddir: "İnsanların uzun müddət yaşadığı və istismara qəbul olunmayan çoxmənzilli binaların rəsmi olaraq istismara qəbul edilməsi nəzərdə tutulur".

F.Mustafayev qeyd edib ki, fərmanda iki ay ərzində Fövqəladə Hallar Nazirliyi və kommunal müəssisələr - "Azərişıq", "Azəriqaz", "Azərsu" tərəfindən binalarla bağlı yoxlamaların aparılması nəzərdə tutulub. İki ay ərzində FHN binaların dayanıqlığını, lift təsərrüfatının olub-olmamasını və onun standartlara cavab verib-vermədiyini, yanğından mühafizə məsələlərini yoxlayaraq rəy tərtib edəcək. Bu rəy Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eyni zamanda yerli icra hakimiyyətlərinə göndəriləcək və onun əsasında istismara qəbul ediləcək:

"Bu gün həmin binalardan artıq 6-sı istismara verilib. Bu gün sənədləşmə işlərinin aparıldığı "İdeal" MTK-nın inşa etdiyi çoxmənzilli binada 561 mənzil var. Onların 50 faizindən çoxu istismar olunub. Fərmanın da əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzun müddət istismar olunan binalarda sənədləşmə işləri tamamlansın və onlar rəsmi olaraq, dövlət tərəfindən tanınsın. Bu, sənədləşmə olmasa, insanlar öz mülkiyyətlərinin sahibi sayılmırlar. Prezident bu humanist fərmanı ilə çox insanlara böyük hədiyyə verib".

Qeyd edək ki, bu gün "İdeal" MTK-nın inşa etdiyi çoxmənzilli binada yaşayan sakinlər üçün sənədləşmə işləri aparılıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.