Ölkə

"Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin geniş təqdimatı keçirilib

14 Mart 2019 14:24
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının maliyyələşdirdiyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Fransanın sosial sahələrlə bağlı nazirlikləri, Litvanın sosial müdafiə qurumları ilə birgə icra edilən "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin KİV nümayəndələri üçün geniş təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas bildirib ki, layihə çərçivəsində Fransa, Litva və Estoniya nümayəndələri yerli mütəxəssislərlə təcrübə mübadilələri aparıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati quruluşu və strateji vəzifələri hazırlanıb, sığortalı şəxsin statusunun təyinatı və sığortalı şəxslərin qeydiyyatı prosesinin müəyyənləşdirilməsi, o cümlədən tibbi sığorta haqlarına dair qanunvericiliyə və xərclərin bölüşdürülməsi siyasətinə aid təkliflər hazırlanıb.

Layihə müddətində üzv dövlətlərdən olan mütəxəssislər icbari tibbi sığortanın (İTS) sınaqdan keçirilməsində İTSDA-ya müntəzəm olaraq dəstək göstəriblər. Bununla yanaşı, 2017-2018-ci illər ərzində İTS üzrə pilot layihənin qiymətləndirilməsi aparılıb və buna istinadən maliyyə idarəetməsinin düzgün tənzimlənməsi ilə bağlı təkliflər hazırlanıb.

Eləcə də Azərbaycanda səhiyyə xərclərinin və dövlət səhiyyə gəlirlərinin orta müddətli proqnozu hazırlanıb.

Q.Çerniauskas qeyd edib ki, informasiya texnologiyaları çərçivəsində elektron səhiyyənin texniki quruluşu ilə bağlı nəzəri tərtibat barədə benefisiara tövsiyələr verilib.

Onun sözlərinə görə, layihə çərçivəsində xidmətlər zərfinin hazırlanması və tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və səhiyyə sahəsində ölkənin strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması sahəsində yerli təlimçilər qrupu hazırlanıb.

Xatırladaq ki, 2017-ci ilin avqust ayından həyata keçirilən layihə cari ilin avqustunda yekunlaşacaq.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşir və ümumi büdcəsi 1.1 milyon avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.