Ölkə

Bu gündən İslamda 3 müqəddəs aydan ilki olan Rəcəb ayı başlayır

8 Mart 2019 13:15
0 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İslam təqvimində 3 müqəddəs aydan ilki hesab olunan Rəcəb ayı daxil olub.

Milli.Az xəbər verir ki, salamnews-un məlumatına görə, bu ay hər bir müsəlman üçün mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl fürsətdir.

İslam mənbələrində bu ayın özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri qeyd olunub.

Bu ayda İslam tarixində bir sıra mühüm hadisələr baş verib:

Rəcəb ayının 1-i, hicri 57-ci il 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.

Rəcəb ayının 3-ü, hicri 254-cü ildə 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhid olan günüdür.

Rəcəb ayının 8-i, hicri 20-ci il İslam dininin Misirdə yayılmağa başladığı gündür.

Rəcəb ayının 10-u, hicri 195-ci il İmam Cavad (ə) kimi tanınan İmam Məhəmməd Təqinin (ə) mübarək mövludu günüdür.

Rəcəb ayının 12-i, hicri 36-cı ildə Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.

Rəcəb ayının 13-ü, hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.

Rəcəb ayının 15-i, hicri 62-ci il Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım Yezid istibdadını öz qəhrəman çıxışları ilə silkələyən Həzrət Zeynəbin (ə) vəfatı günüdür.

Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Yeni qurulmuş müsəlman qoşunu Roma imperiyasının təcavüzünün qarşısını almaq üçün Həzrət Rəsuli-Əkrəmin (s) başçılığı altında Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etdirmişdi.

Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Roma imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.

Rəcəb ayının 24-ü, 7-ci hicri ilində mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.

Rəcəb ayının 25-i, hicri 183-cü ildə müsəlmanların 7-ci imamı - Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək şəhadətə yetişmişdir. İmamın mübarək məqbərəsi İraqın Kazimeyn şəhərindədir. İmamın məqbərəsini ziyarət edə bilməyənlər onun qızlarının ölkəmizdə - Nardaran və Bibi-Heybətdə yerləşən məqbərələrini ziyarət edə bilərlər.

Rəcəb ayının 27-si, hicrətdən 13 il öncə Həzrət Məhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi - Məbəs günüdür. Bu gündə oruc tutmaq müstəhəb əməllərdəndir.

Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu, Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə yox deyən İmam Hüseyn (ə) bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.