Ölkə

“Azneft” İstehsalat Birliyinin baş direktoru Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb

4 Mart 2019 14:01
Baxış: 1 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azneft" İstehsalat Birliyinin (İB) rəhbərliyi Bakı Ali Neft Məktəbində (BANM) olub.

Milli.Az xəbər verir ki, Ali Məktəbdə tələbələrlə keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti, "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov, baş direktorun müavinləri Ədalət Emilnov, Mehdi Vəliyev, Cəlair Səmədov, İnsan resursları departamentinin əməkdaşları, həmçinin digər struktur bölmələrinin rəisləri iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov "Azneft" İB-nin rəhbər nümayəndələrini BANM-da salamlayaraq bildirib ki, Ali Məktəbin tələbələri 2-ci kursdan başlayaraq istehsalat təcrübələrinə başlayır və "Azneft" İB-nin, eləcə də onun idarələrinin bu proqramların təşkil olunmasında rolu böyükdür.

"Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov rektor Elmar Qasımova tələbələrlə görüş imkanının yaradılmasına görə təşəkkür edib və iştirakçılara "Azneft" İB-nin fəaliyyəti, iş prinsipləri, struktur bölmələri və işlənilən layihələr haqqında məlumat verib. Daşqın İskəndərov tələbələrə böyük maddi-texniki bazaya, hər cür şəraitə malik kampusda təhsil aldıqlarına görə çox şanslı olduqlarını bildirib.

Tədbirdə həmçinin "Azneft"in İstehsalat şöbəsinin rəisi Pərviz Əhmədov və Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev çıxış edərək əməkdaşlıqla bağlı təkliflərini irəli sürüblər. BANM-ın məzunu, hazırda "Azneft" İB-nin qazma departamentinin böyük mühəndisi Mustafa Əsgərov tələbələrlə öz uğur hekayəsini paylaşıb və müəssisədə karyera imkanları, karyera hazırlığı, inkişaf mərhələlərindən danışıb.

BANM-ın sonuncu kurs tələbələri müəssisənin rəhbərliyinə istehsalat təcrübəsi və karyera ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar.

Görüşün sonunda rektor Elmar Qasımov "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərova Tələbələrin istehsalat təcrübələri və karyera imkanlarının yaradılmasında verdiyi töhfələrə görə təşəkkür edib və ona Ali Məktəbin "Fəxri qonaq" plaketini təqdim edib.

Qonaqlar, həmçinin BANM-ın kampusuna tur edərək buradakı infrastrukturla yaxından tanış olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.