Ölkə

Yaxın günlərdə böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq - Vaksinlər gətirilib

4 Mart 2019 11:44
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın bir necə gün ərzində Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinə başlanacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Artıq Bakıdakı poliklinikalara vaksinlər paylanılıb. Digər şəhər və rayonlar üzrə isə vaksinlərin paylanılması hazırda həyata keçirilir.

A.Əliyeva qeyd edib ki, peyvəndləmə işləri yalnız hər hansı səbəbə görə vaxtilə peyvənd olunmayan 20-40 yaşlı insanlar üçün həyata keçiriləcək:

"Peyvəndləmə məcburi qaydada həyata keçirilməyəcək. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Yaxın bir necə gün ərzində poliklinikalarda böyüklər üçün peyvənd kabinetləri fəaliyyət göstərəcək".

Mərkəzin direktor müavini qızılca-məxmərək əleyhinə vaksinin bəzi qrupdan olan insanlar üçün tibbi əks-göstəriş olduğunu da söyləyib.

Onun sözlərinə görə, hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər:

"İnsanlar müraciət etdikdə həkim-terapevtlər onları müayinədən keçirəcəklər. Əgər insanlar tam sağlamdırlarsa, onlar üçün tibbi əks göstəriş yoxdursa, vaxtilə peyvənd olunmayıblarsa, qızılcaya yoluxmamaları üçün hökmən ərazi üzrə poliklinikalara müraciət ediərək peyvənd olunsunlar".

Peyvənd olunmaq üçün edilən müraciətlərin sayının çox olduğunu deyən A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxma halları azalsa da, bu hallar hələ də qeydə alınır.

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.