Ölkə

Mənə çox məsuliyyətli iş həvalə olunub - Hacı Şahin Həsənli ilə MÜSAHİBƏ

23 Fevral 2019 20:37
10 Şərh     Baxış: 4 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənlinin Milli.Az-a müsahibəsi:

- Fevralın 21-dən etibarən "Mədəniyyət" kanalıda yayımlanan "Haqqın dərgahı" proqramı sizin aparıcılığınızla təqdim olunur. Belə bir ideya, təşəbbüs hardan qaynaqlandı?

- "Haqqın dərgahı" proqramı Azərbaycanın öz müstəqilliyini qazandığı ilk illərdən Azərbaycan Dövlət Televiziyasında yayımlanır. Uzun illər onun aparıcısı dəyərli ziyalımız, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev olub. Onun aparıcılığı sayəsində bu veriliş çox böyük rəğbət qazanıb. "Haqqın dərgahı" dini dəyərlərimizə elmi yanaşma ilə seçilən verilişdir. Onun geniş ziyalı auditoriyası var. İndiyədək də bu veriliş tamaşaçılar tərəfindən maraqla izlənilir. Bir müddət əvvəl isə Azərbaycan Dövlət Televiziyası və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu verilişə mənim müəlliflik etməyim təşəbbüsü irəli sürüldü. Mən də bu təklifi böyük məmnuniyyətlə qəbul elədim.

Fikrimcə, mənə çox məsuliyyətli iş həvalə olunub. Çalışacam ki, inşəAllah, proqramın əsas istiqamətini bundan sonra da davam etdirək. Ümid edirəm ki, tamaşaçıların ümidini doğrulda biləcəm.

- Biz adətən sizin bu cür təqdimatınıza öyrəşmişik: Hacı Şahin Həsənli... Tanınmış ilahiyyatçı... Məsciddə imam camaat... İndi isə həm də televiziya proqramını təqdim edən şəxs... Sizə artıq aparıcı demək olar?

- Əslində "Haqqın dərgahı" bir müəllif proqramıdır. Təbii ki, hər bir bu cür televiziya proqramının aparıcısı olmalıdır. Burada da aparıcı mənəm, aparıcılıq funksiyasını icra edirəm. Hesab edirəm ki, mənə aparıcı da demək olar... (gülür - İ.İ)

- Bu vaxta qədər televeziyalarda həmişə qonaq qismində iştirak etmisiz. İndən belə artıq aparıcılıq edəcəksiz. Vasim Məmmədəliyev kimi akademikdən sonra dövlət televiziyasında verilişə aparıcılıq etmək sizə çətin deyilmi?

- Əlbəttə ki, çətindir. Həm çətindir, həm də məsuliyyətli. Çünki Vasim Məmmədəliyev bizim çox görkəmli, hörmətli ziyalımızdır. O, din və ilahiyyat sahəsində dərin biliklərə malik insandır. Təbii ki, belə bir şəxsdən sonra bu verilişi təqdim etmək mənim üçün böyük məsuliyyətdir və hətta ağır bir işdir. Çünki burada mövzu mənəvi, dini dəyərlərdir. Bunlar olduqca həssas, hətta çox ciddi məsələlərdir. Çalışacam ki, Vasim müəllim qədər də olmasa, hər halda bu vaxta kimi qoyulmuş ənənəni davam etdirim, bu istiqamətdə insanları maarifləndirə bilim.

- Özünüz əsasən hansı məsələlərə, mövzulara daha çox üstünlük verməyi düşünürsüz?

- Ümumilikdə verilişdə dini mövzular işıqlandırılacaq. Burada dini mövzular elmi müstəvidə açıqlanır. Həmçinin, bizim milli-mənəvi dəyərlərimiz haqqında danışılacaq. O cümlədən, din sahəsində dövlət siyasəti barədə məlumat veriləcək. Yəni ənənəvi dini mövzularla yanaşı çağdaş, günümüzün gerçəklikləri ilə səsləşən mənəvi dəyərlərimizlə bağlı mövzulara da toxunulacaq. Onların yaşadığımız dövrün reallıqlarına uyğun təbliğ olunmasına üstünlük veriləcək. Gələcəkdə verilişə müxtəlif qonaqların dəvət olunması da mümkündür.

Qeyd edək ki, həftənin cümə axşamı günləri saat 18:40 və ya 18:45-də "Mədəniyyət" kanalında yayımlanmağa başlayan "Haqqın dərgahı" təxminən 15-20 dəqiqə davam edir.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.