Ölkə

Bakıda Formula 1-in rəhbər marşallarının görüşü olub

18 Fevral 2019 11:15
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisinə vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil edib.

Milli.Az xəbər verir ki, görüşdə ötən ilin yekun nəticələri, fevral ayının əvvəlində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019 Formula 1 mövsümü üçün reqlanmentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmeti müzakirə olunub.

Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.

Qeyd edək ki, 2016-cı ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda, 2017-ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir. Ötən mövsümün yekun nəticələrinə əsasən, rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları şöbəsinin müdiri, Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev bildirib ki, 3 il ərzində marşallar üçün yaratdığımız təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdarə Heyətini ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə olan marağı və bağlılığını daha da artırır: "Bu sahədə atdığımız uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. Ötən il 1603 nəfər marşal olmaq istəyən şəxs qeydə alınmışdısa, bu il bu rəqəm artaraq 2445 nəfər təşkil edib və bu bizim üçün çox sevindirici və qürurverici haldır".

Sürət Qalibov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.