Ölkə

Polislər evi yanan kişini xilas etdilər - Ailəsini çıxarıb yenidən alovun içinə girmişdi... - FOTO

13 Fevral 2019 12:49
2 Şərh     Baxış: 970

"İşdən evə gələndə çox yorğun idim. Qapını açıb mənzilə daxil olanda ab-havanın ağır olduğunu hiss etdim. Düzü buna o qədər də əhəmiyyət vermədim. Elə çarpayıya uzanan kimi yuxu tutdu məni. Bir də gördüm ki, yoldaşım təlaşla məni oyadır. Evimiz yanırdı.Tüstü demək olar ki, evi bürümüşdü və mən ayılmaqda çətinlik çəkirdim. Bir təhər özümə gəlib həyat yoldaşım və uşaqları çölə çıxarmağı bacardım. Yenidən evə daxil olub qızıldan, puldan nəsə götürmək istədim. Artıq çox gec idi. Həmin otaqın tavanı çökmüşdü. Geri qayıtmağa çətinlik çəkirdim. Yanğın bütün evi öz ağuşuna almışdı. Əllərim, üzüm yanıq xəsarətləri almışdı və bundan sonra nə baş verdiyini xatırlaya bilmirəm. Bir də ayılanda xəstəxanada olduğumu və başımın üstündə iki polis əməkdaşının pıçıltı ilə söhbət etdiyini gördüm".

Şirvan Şəhər Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, bunu Şirvan şəhər sakini Zaur Qədirov deyib.

Hadisə baş verən zaman həmin ərazidə xidmət aparan Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları polis leytenantı Toğrul Qanbayev və polis serjantı Tural Şəmmədov Zaur Qədirovun vəziyyətinin ağır olduğunu görüb dərhal ona kömək ediblər. Polis əməkdaşları ilkin tibbi yardım göstərməklə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırıblar.

Xilas edilən Zaur Qədirovun anası Elmira Babayeva özü və ailəsi adından hər iki polis əməkdaşına təşəkkürünü bildirib. Onun dediyinə görə, əgər polis əməkdaşları vaxtında ona yardım etməsəydilər, Zaur yəqin ki, həyatını itirə bilərdi: "Hamı özünü itirmişdi. Amma polislər dərhal yanan evə yaxınlaşdılar və Zauru oradan çıxararaq kənara gətirdilər. Onlar oğlumu həyata qaytardılar. Bu səbəbdən onlara minnətdaram".

Bir insan həyatını xilas edən polis əməkdaşları hadisəni belə xatırlayırlar: "Ərazidə xidmət aparırdıq. Yaxınlıqdakı evlərin birindən tüstü qalxdığının şahidi olduq. Dərhal həmin əraziyə yaxınlaşdıq və gördük ki, ev yanır. Ev sahibi Zaur artıq ailəsini çölə çıxarmışdı, lakin özü huşsuz vəziyyətdə qalmışdı. Alov isə ona tərəf daha da yaxınlaşırdı.  Biz o an heç nəyə fikir vermədik, Zaurun həyatını xilas edərək onu təhlükəsiz yerə gətirdik, ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya çatdırdıq".

Hazırda Zaur Qədirov xəstəxanada müalicə alır və vəziyyəti stabil olaraq qalır. Z.Qədirov xilaskar polis əməkdaşlarına onu yenidən həyata qaytardıqlarına görə öz dərin təşəkkürünü bildirib.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Nuray · 13 Fevral 13:0350

    Polis emekdaşlarinin daha bir qehremanliğı halal olsun

    Cavab yaz
  • Anonim
    $$$. · 13 Fevral 13:5930

    Yaşasın Azərbaycanın polisləri ! Allah razı olsun bir ailənin atasını, başcısını xilas edən polislərimizdən .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.