Ölkə

Əlillər, müharibə veteranları və qadınların rifahını yaxşılaşdıracaq yeni layihə imzalandı

12 Fevral 2019 16:54
Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondu 3000-ə yaxın qadın, əlilliyi olan şəxs və Dağlıq Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqram imzalayıblar.

BMT İP-nin Azərbaycan nümayəndəliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanmış bu proqram əlilliyi olan şəxslər və müharibə veteranlarının həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcəkdir. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.

Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondu tərəfindən birgə maliyyələşdirilən bu yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcəkdir.

Əhalisinin 6 faizindən çoxunu əlilliyi olan insanların təşkil etdiyi bir ölkə olaraq, Azərbaycanda həmçinin 50000-dən artıq insan Dağlıq Qarabağ müharibəsinin ağır nəticələrindən əziyyət çəkərək həm fiziki, həm də mənəvi travmanın qurbanı olub. Məhz bu insanların həyatını dəyişə biləcək qüvvəsi olan yeni layihənin qarşısında mühüm məsələlər durur. Layihə çərçivəsində müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə cəmiyyətin həssas təbəqələri üçün bilik, məlumat və məşğulluq imkanlarını genişləndirmək məqsədilə əlilliyi olan qadınlar və müharibə veteranları üçün Bacarıqların İnkişafı və Təlim üzrə Virtual Laboratoriyanın (V-Laboratoriya) yaradılması nəzərdə tutulur. Əlilliyi olan insanların sosial inteqrasiyası və ümumilikdə cəmiyyətdə inkluzivliyi təşviq etmək məqsədi ilə Bakıda nümunəvi incəsənət məktəbi yaradılacaq. Burada əlilliyi olan və əlil olmayan qadınlara və müharibə veteranlarına innovasiya, start-up və biznesin inkişafı sahəsində geniş çeşidli platformalar təklif olunacaq.

Bundan başqa, əlilliyi olan şəxslərə qarşı stiqmanı aradan qaldırmaq üçün bir sıra maarifləndirmə, təbliğat və ictimai maraqların  qorunması kampaniyaları təşkil olunacaq. Ölkənin qərarverici şəxsləri, yüksək səviyyəli məmurlar, millət vəkilləri, işəgötürənlər və yerli icmalar arasında əlilliyi olan şəxslər üçün inkluziv şəraitin, infrastrukturun və imkanların yaradılması, habelə bunu dəstəkləyən siyasətin və ictimai münasibətin əhəmiyyəti aşılanacaq.

Layihə çərçivəsində əlilliyə dair məlumat bazasının yaradılması ilə bağlı mövcud boşluqları aradan qaldırmaq və əlilliyi olan şəxslərə dair cins və yaş qrupu üzrə dezaqreqasiya olunmuş məlumatların daha yaxşı toplanması üçün yeni metodologiyanın hazırlanması nəzərdə tutulur. Məhz bu metodologiyaların daha sonra ölkə üzrə monitorinq və statistik hesabatların hazırlanması zamanı tətbiq edilməsi mexanizmləri müvafiq dövlət qurumlarına çatdırılacaq.

Layihə Bakı şəhəri, Salyan və Masallı rayonlarını əhatə etməklə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq. Proqramın uğurlu icrası üçün yerli hakimiyyət orqanları, dövlət və özəl sektordan olan işəgötürənlər, kütləvi informasiya vasitələri, icmalar və qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Layihə beynəlxalq inkişaf qurumları və Azərbaycan hökumətinin birgə təşəbbüsü olaraq Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin tələblərinə uyğun həyata keçirilir və bir sıra Dayanıqlı İnkişaf Məqsədinin icrasının sürətləndirilməsinə böyük töhfə verir. Belə ki, 8-ci Qlobal Məqsədə müvafiq olaraq, layihə inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün, ö cümlədən əlilliyi olan şəxslər, qadın və kişilər üçün bərabər şəkildə məşğulluğu və layiqli əməyi təşviq edir. 1o-cu Qlobal Məqsəddə göstərildiyi kimi, layihə həmçinin sosial, iqtisadi və siyasi inkluzivliyi təşviq etməklə hər kəs üçün, o cümlədən əlilliyi olan şəxslər və həssas təbəqələr arasında bərabərsizliyin azaldılmasına kömək edəcək. Nəhayət, 17-ci Qlobal Məqsədin çağırışına uyğun olaraq, layihə ölkədaxili bacarıqların gücləndirilməsinə mühüm dəstək göstərəcək və  ölkənin statistik məlumat bazasını mütəşəkkil səviyyəyə çatdırmaq üçün əhalinin həssas qruplarına, xüsusilə əlilliyi olan şəxslərə dair olan məlumatların dezaqreqasiya edilməsi, etibarlı və düzgün olmasına da köməklik göstərəcək.

Zərif Nisə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.