Ölkə

Gələn aydan aparıcı qəzetlər rəngli tərtibatda çıxacaq?

12 Fevral 2019 12:10
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin mart ayından etibarən Azərbaycanda aparıcı qəzetlərin rəngli tərtibatda çıxması planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqə şərtlərinə cavab verən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Report"a açıqlamasında rəhbəri olduğu qəzetin rəngli çıxmasını istədiyini deyib.

"Maliyyəmiz rəhbərlik etdiyimiz qəzetin hansı tərtibatda çıxacağına imkan verəcəksə, elə də olacaq. Mənim də ciddi məqsədlərimdən biri budur. Bir baş redaktor olaraq məqsədim odur ki, qəzetimiz rəngli görünüşə malik olsun", - A.Quliyev vurğulayıb.

Baş redaktor bildirib ki, qəzetin məzmununun yüksək səviyyədə olması ilə yanaşı, həm də onun tərtibatı müasir poliqrafik keyfiyyət göstəricilərinə cavab verməlidir: "Bütün bunlarla yanaşı qəzetin indiki şəraitdə müasir kommunikasiya texnologiyalarının verdiyi bütün imkanların qəzet təsərrüfatında cəmləşdirilməsi və özünü göstərməsi çox vacibdir".

O bildirib ki, hazırda əvvəlcədən qəzetin tərtibatı ilə bağlı dəqiq proqnoz vermək çətindir: "İnanmıram ki, hansısa redaktor rəhbərlik etdiyi qəzetin üç aydan sonra hansı rəngdə çıxacağı ilə bağlı dəqiq proqnoz versin. Çünki bu, bizim istəyimizlə yanaşı qəzetin maliyyə imkanlarından da aslıdır. Maliyyə imkanlarının da bir hissəsini dövlət, digər hissəsini isə qəzetlər öz üzərinə götürür. Əlbəttə, mənim də istəyim odur ki, baş redaktoru olduğum qəzetin məzmunu ilə yanaşı görüntüsü də yüksək səviyyədə olsun. Hesab edirəm ki, bu, bütün baş redaktorların arzusudur".

A.Quliyev "Bakı Xəbər" qəzetinin çap versiyası ilə yanaşı www.baki-xeber.com internet portalının dizaynını təkmilləşdirməyi də planlaşdırır. Baş redaktor hesab edir ki, saytın təkmilləşdirilməsinə bütün hallarda ehtiyac var.

O, rəhbərlik etdiyi qəzetin işçi heyyətinin artırılması barədə isə düşünmədiyini vurğulayıb: "Təbii ki, işçilərin sayını da artırmaq lazımdır. Amma bu da maliyyədən aslıdır. Hazırda qəzetin işçilərinin sayının artırılması haqqında düşünmürəm. İndi məqsədimiz işçilərimizin potensialından maksimum dərəcədə yararlanmaqdır".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu "Report"a deyib ki, rəhbərlik etdiyi qəzetin rəngli tərtibata keçməsi ayrılacaq vəsaitdən aslıdır: "Çap mediası məzmun etibarilə cəlbedici olduğu kimi dizayn baxımından da rəngarəng olmalıdır. Çünki çap mediası hazırda güclü bir rəqabətlə üzləşib. Ona görə də qəzetimizin rəngli olması ayrılacaq maliyyənin miqdarından aslıdır. Doğrudan da, qəzetlərimizin yenilənməsinə ehtiyac var. Çünki qəzetin məzmunu ilə görünüşü bir-birini tamamlayan komponentlərdir. Hesab edirəm ki, belə olarsa, uğurlu yenilik olar. Amma hələ ki, hansı qəzetlərə maliyyə yardımı ayrılacağı ilə bağlı dəqiq siyahı yoxdur. Buna görə biz də fəaliyyətimizi dəqiq pronozlaşdıra bilmirik. Amma əgər bizə maliyyə ayrılacaqsa və ayrılan vəsaitinin miqdarı qaneedici olarsa, yeni formatda, fərqli keyfiyyətdə qəzetin çapı həyata keçiriləcək".

H.Babaoğlunun sözlərinə görə, maliyyədən aslı olaraq təkmilləşdirmə qəzetin internet versiyasına da şamil olunacaq: "Hesab edirəm ki, internet mediası bu gün qəzetlər üçün çox yaxşı alternativdir. Biz istəsək də, istəməsək də, gələcəyin mediası internet mediası üzərində mövcud olan mediadır. Ona görə də oxucunun tələblərinə uyğun olaraq qəzetlərin internet versiyalarının dizaynı yenilənməlidir. Misal üçün, biz bu yaxınlarda "Yeni Azərbaycan" qəzetinin saytında xəbər lentində təkmilləşdirmə işləri apardıq. Əvvəllər lentdə olan xəbərlərin fotoları görünmürdü. Amma yenilənmədən sonra xəbərlərin fotolarının da lentdə görünməsi mümkün oldu".

Baş redaktor rəhbərlik etdiyi qəzetdə çalışan işçilərin sayında artım gözlənilmədiyini də əlavə edib: "Hələ ki, işçilərin sayında artım planlaşdırmırıq. Çünki bizim kifayət qədər işçimiz var. Kollektivimiz paralel olaraq qəzetin çap versiyası ilə yanaşı elektron versiyasında da çalışırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.