Ölkə

Kubanın Azərbaycandakı səfiri AZƏRTAC-ın ispan dili bölməsinin fəaliyyəti ilə tanış olub

11 Fevral 2019 17:49
Baxış: 372

Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo AZƏRTAC-da yeni fəaliyyətə başlayan ispan dilində informasiya bölməsinin işi ilə tanış olub. 

Milli.Az xəbər verir ki, diplomat bölmənin əməkdaşları ilə görüşüb, xəbərin ispan dilində təqdimatı, ispandilli auditoriya üçün Azərbaycanla bağlı maraqlı ola biləcək informasiyalar barədə fikir mübadiləsi aparıb. AZƏRTAC-ın ispan dilində xəbər yayımına başlamasını önəmli addım hesab edən səfir bunun Azərbaycan haqqında ispandilli ölkələrdə geniş təsəvvür yaranmasına və bu ölkələrin agentlikləri ilə əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləyib.  

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ispan dilində xəbər yayımının agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Kubanın Prensa Latina informasiya agentliyinin AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq təşəbbüsünü yüksək qiymətləndirərək deyib: "Dünyanın ən çox danışılan ikinci dil olan ispan dilində xəbərlərimizin yayılması Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Kuba və digər ispandilli ölkələr barədə xəbərlərin isə yerli oxuculara çatdırılması deməkdir. Prensa Latina ilə əməkdaşlıq sənədinin imzalanması birgə layihələr həyata keçirmək, informasiya və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yarada bilər". 

AZƏRTAC-ın Azərbaycanda ispan dilində xəbər mənbəyi olmasının önəmini qeyd edən səfir Alfredo Fidel Nieves Portoundo Prensa Latina ilə müqavilənin imzalanması üçün dəstək verməyə hazır olduğunu deyib. "Agentliklərimiz arasında tərəfdaşlıq hər iki ölkə haqqında məlumatların geniş yayılması üçün yaxşı zəmin ola bilər", - deyə diplomat bildirib. 

Səfirə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, dünyanın 21 ölkəsində müxbir məntəqəsinin fəaliyyət göstərməsi, bir sıra ispandilli informasiya agentlikləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri barədə də məlumat verilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.