Ölkə

Millət vəkili gileyləndi - "Feysbuk"da dostuq, bir dəfə telefonda danışmışam...

11 Fevral 2019 16:33
Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zəng edəndə adınızı və xahişinizi deyin"

Milli.Az xəbər verir ki, Milli Məclisin komitə sədrinin müavini, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə "facebook" sosial şəbəkəsi vasitəsilə ona zəng edənlərə müraciət edib.

Millət vəkili gün ərzində onunla telefonda ünsiyyətdə olduğu bəzi şəxslərin özlərini təqdim etməməsindən gileylənib:

"Bir qayda olaraq zəng etdiyim adama ilk növbədə öz adımı, soyadımı və vəzifəmi deyirəm. Tez-tez danışdığım və telefon nömrəmi yaddaşa yazdığına əmin olduğum insanlar istisna olmaqla. Ancaq bəzən mənə zəng gəlir və belə dialoq gedir:

- Salam, Aydın müəllim.

- Salam, eşidirəm, buyurun.

- Deyəsən, məni tanımadınız?

- Adınızı deyin tanıyaram.

- Sizinlə "feysbuk"da dostuq, bir dəfə sizinlə telefonda danışmışam, bir dəfə isə tədbirdə görüşmüşük.

- Adınızı deyin, mən sizi eşidirəm.

- Yox, deyəsən, məni tanımadınız.

- Mən sizi eşidirəm.

- Axı sizinlə telefonla bir dəfə danışmışıq, doğrudanmı mənim adımı yaddaşa yazmayıbsınız ?

- Mən sizi eşidirəm, probleminizi və ya xahişinizi deyin.

- Doğrudan tanımadınız ?

Əziz dostlarım. Belə dialoqlar vaxtaşırı baş verir. Mənim "feysbuk"da 5 min dostum var və onların tərkibi vaxtaşırı dəyişir. Gün ərzində mənə azı 40-50 zəng gəlir və onların əksərtiyyəti mənə ya birinci dəfə, ya da az-az zəng edənlərdir. Çox sayda iştirak etdiyim tədbirlərdə isə onlarla insanlarla söhbət edirəm.

Ona görə də xahiş edirəm, zəng edəndə birbaşa adınızı və xahişinizi deyin!".

Qeyd edək ki, Aydın Mirzəzadə ictimai-siyasi fəaliyyəti ilə yanaşı "Facebook" sosial şəbəkəsində də ən fəal deputatlardan biridir. O, eyni zamanda imkan daxilində media mənsublarının da suallarını tez-tez cavablandıran, ölkədə və Azərbaycanla bağlı baş verən ictimai-siyasi və digər məsələlərə mütəmadi olaraq münasibətini bildirən və onları ətraflı şərh edən şəxslərdəndir.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.