Ölkə

Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir

1 Fevral 2019 15:41
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, Xəzər dənizini çirklənmədən qorumaq üçün hər bir vətəndaş səy göstərməlidir:

"Xəzər hamımızındır. Hər birimiz onun təmiz olması üçün məsuliyyət daşıyırıq və onu çirklənmədən birgə qorumalıyıq. Bunun üçün hər kəs özündən başlamalıdır.

Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, bizim ona vurduğumuz zərər, atdığımız tullantılar buna imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur. Məqsədimiz Xəzər dənizini çirklənmədən qorumaq və ekoloji durumunu sağlamlaşdırmaqdır. Bu məqsədlə də təbliğat və maarifləndirməyə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq".

Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da bildirib ki, bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər:

"Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ətraf mühit və təbii ehtiyatlarının mühafizəsini daim diqqət mərkəzində saxlayır və mütəmadi dənizdə, onun sahil zolağında monitorinqlər keçirir.

Ötən ilin yay mövsümündən başladığımız monitorinqlər zamanı dənizin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində, müəssisə və təşkilatlarda məişət və tullantı sularının düzgün idarə olunmadığı aşkar olunub. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatların rəhbərlərinə istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, müvafiq məktublar göndərilib. Təəssüflər olsun ki, bu günə kimi çox az sayda müəssisə və təşkilat bizim bu çağırış və tövsiyələrimizə reaksiya verib. Lakin, onu da qeyd edək ki, bir sıra sahibkar tərəfindən müasir təmizləyici qurğuların quraşdırılması və formalaşan tullantı sularının idarə olunması istiqamətində işlər görülüb".

İdarə rəisi deyib ki, nazirlik hüquqi və fiziki şəxslərə bir daha çağırış edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar:

"Qarşıdan yaz-yay istirahət mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin mühafizəsinə nail olmaqdır.

Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Bu sahədə mütəxəssislərimiz tərəfindən monitorinqlər davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.