Ölkə

Dövlət qulluğuna qəbulla bağlı imtahanın VAXTI AÇIQLANDI

23 Yanvar 2019 12:18
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yanvar 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 25 yanvar saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 51 yer, AB vəzifə qrupu üzrə 417, AC vəzifə qrupu üzrə isə 1003 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlakk məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.