Ölkə

"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib - FOTO

22 Yanvar 2019 13:39
Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Mədəniyyət Mərkəzində "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, Ağdam Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı və TREND İnformasiya Agentliyinin informasiya dəstəyi ilə "Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir, həmçinin Azərbaycanın Milli Qəhrəmanı, xüsusi xidmət orqanlarında çalışmış şəhid Nadir Əliyevin xatirəsinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Milli Qəhrəman Nadir Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, şəhid haqqında yazılan poema və şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin fəxri üzvü, yazıçı-publisist, Nadir Əliyevin həyat və qəhrəmanlığından bəhs edən "Zəfər yolu" poemasının müəllifi Azər Hacıbəyli bildirib ki, Azərbaycan dövləti həmişə qəhrəmanlarına böyük hörmətlə yanaşıb, onların xatirəsini əbədiləşdirib:

"Azərbaycan daim qəhrəman övladlar yetişdirib. Azərbaycan qəhrəmanları həmişə tarixdə qalıb, xalqın qəlbində yaşayır. Nadir Əliyev də Azərbaycanın bu cür qəhrəmanlarındandır. Nadir Əliyev haqqında onlarla poema yazmaq olar. Mən "Zəfər yolu"nu yazanda bütün gücümü bu poemaya sərf elədim. Amma hesab edirəm ki, Nadir Əliyevin qəhrəmanlığı qarşısında mənim etdiyim çox azdır. Onun qəhrəmanlığı haqqında daha çox yazılmalıdır və yazılacaq. Nadir Əliyevin qəhrəmanlığından çox danışmaq olar, lakin mən bir şeyi demək istəyirəm ki, o, ulu öndər Heydər Əliyevin yaratdığı fədakarlıq məktəbinin, Azərbaycanın xüsusi xidmət orqanının yetirməsidir. Nadir Əliyev ümummilli lider Heydər Əliyevin dəyər verdiyi bir qəhrəman idi. Xalqımız, dövlətimiz qəhrəmanlara hər zaman dəyər verir. Biz bu qəhrəmanlara dəyər verməklə bir daha göstəririk ki, qəhrəmanlıq ənənələrinə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu fədakarlıq məktəbinin ənənələrinə sadiqik və bunu inkişaf etdirməliyik".

A.Hacıbəyli qeyd edib ki, bu gün Milli Qəhrəman Nadir Əliyevin övladı Şəhriyar Əliyev Azərbaycanın xüsusi xidmət orqanlarında çalışır və atasının yolunu davam etdirir: "Sevindirici haldır ki, bu gün Nadir Əliyevin oğlu atasının yolunu davam etdirir. Gün gələcək, biz həmin qəhrəman oğulların hesabına torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan xalqı qəhrəmanlar yetişdirən xalqdır və biz qəhrəmanlıqlar etməyə qadir xalqıq".

Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev bu il Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasının 100 illiyinin keçiriləcəyini bildirib. Sədr müavini deyib ki, bu ilin mart ayında xüsusi xidmət orqanlarının yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq:

"Məlumata görə, tədbirə dünyanın 80 ölkəsinin xüsusi xidmət orqanlarının rəhbər işçiləri qatılacaq. Bizim də bu tədbirdə iştirak etməyimizi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev vacib bilib. Bununla bağlı "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi Bakıda və bölgələrdə silsilə tədbirlər keçirir. Ulu öndər Heydər Əliyev xüsusi xidmət orqanlarında rəhbər vəzifədə çalışanda Azərbaycanın bu qurumlarına xüsusi diqqət yetirib. O vaxt ümummilli lider bölgələrdə olarkən Ağdam rayonuna xüsusi diqqət göstərirdi və bu rayonun sakinlərinin mehriban, gülərüz olduğunu vurğulayırdı. Biz bunu dəfələrlə Heydər Əliyevin Ağdama səfərində görürdük, şahidi olurduq. Ağdam rayonu çox qəhrəmanlar yetişdirib. Bu cür qəhrəmanlardan biri də mərhum general Tofiq Babayevdir. Ağdam camaatı onunla fəxr edir".

A.Qarayev bildirib ki, o vaxt Milli Qəhrəman Nadir Əliyev öz istəyi ilə cəbhə bölgəsində xidmət etməyi xahiş etmişdi: "Nadir Əliyev mərkəzi aparata təyin olunmuşdu və onu mənim rəhbərlik etdiyim şöbəyə göndərmişdilər. Nadir Əliyev qəbulumda oldu və onunla söhbət etdim. Mən ona bu şöbədə işləyəcəyini deyəndə susdu və sözümü bitirəndən sonra məndən xahiş etdi ki, onu cəbhə bölgəsinə göndərim. O vaxt mərkəzi aparata hər adamı götürmürdülər və bu, Nadir Əliyev üçün bir şans idi. Nadir Əliyev xarici dili yaxşı bildiyi və bacarıqlı olduğu üçün onu mərkəzi aparata göndərmişdilər. O isə israr etdi ki, mərkəzi aparatda deyil, doğulduğu Ağdam rayonunda silahla xidmət etmək istəyir. Nadir Əliyevin bu israrından sonra rəhbərliyə bu barədə məruzə etdim və o, Ağdama xidmətə göndərildi. O vaxt Azərbaycanda Milli Ordu formalaşmamışdı. Nadir Əliyev tez-tez kəşfiyyata gedir və bizim üçün əhəmiyyətli məlumatlarla qayıdırdı. Həmin məlumatlar əsasında uğurlu əməliyyatlar keçirmişik. Hətta iş o yerə çatmışdı ki, ermənilər Nadir Əliyevin başına pul qoymuşdular. Nadir adi şəraitdə həlak olmadı. O, ermənilərin yerləşdiyi əraziləri, silah anbarlarının yerini dəqiqliklə öyrənib mərkəzə ötürürdü. Ermənilərə çox böyük zərbələr vurmuşdu. Ona görə də ermənilər Nadiri öldürənə mükafat təyin etmişdi. Bu gün Nadir Əliyevin oğlu Şəhriyar Əliyevin xüsusi xidmət orqanlarında xidmət etməsi bizi sevindirir. Ona görə ki, artıq Nadirin yurdunda daha bir qəhrəman yetişir. Xüsusi xidmət orqanı gözə görünməyən bir cəbhədir. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları doğrudan da böyük nailiyyətlər əldə ediblər. Düşmənlərin, xarici xidmət orqanlarının Azərbaycanda ictimai sabitliyi pozmaq cəhdlərinin qarşısı alınıb".

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Qəhrəman Nadir Əliyevin bu gün Azərbaycan üçün əfsanəyə çevrildiyini deyib: "Nadir Əliyev Ağdamın ucqar bir kəndində doğuldu, ancaq təkcə Ağdamın yox, bütünlükdə Azərbaycanın oğlu oldu. Bu, heç də hər kəsə qismət olmur. Ona görə də bu gün mən Nadiri tanımağımla, onunla həmyaşıd və həmyerli olmağımla fəxr edirəm. Nadir istedadlı, eyni zamanda, çox vətənpərvər insan idi. O vaxt Nadir xüsusi xidmət orqanlarına dəvət olunanda məsləhətləşdik və qərara gəldik ki, o, elə xüsusi xidmət orqanlarında çalışmalıdır".

İcra başçısı bildirib ki, Azərbaycan xalqı, o cümlədən Ağdam camaatı Ali Baş Komandandan əmr gözləyir: "Düzdür, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev torpaqların sülh yolu ilə azad olunmasına çalışır. Təbii ki, əgər sülh yolu ilə danışıqlar nəticə verməsə, biz torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Xalqımız Nadir Əliyev kimi qəhrəman oğullarına arxalanaraq torpaqlarımızı istənilən yolla işğaldan azad etməyə hazır vəziyyətdədir".

Sonda "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi tərəfindən bir qrup iştirakçı və tədbirin təşkilində əməyi olan şəxslər "Fəxri fərman"la təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.