Ölkə

Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar: məqsəd və nəticə

17 Yanvar 2019 10:48
Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Trend-ə istinadən Bəxtiyar Hacıyevin yazısını təqdim edir:

Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sahədə əldə olunan müsbət dəyişikliklər, öz növbəsində, dövlət idarəçiliyi sistemində islahatlar aparılmasını tələb edir.

Bu səbəbdən Prezident İlham Əliyev yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edən müvafiq fərmanlar imzaladı. Həmin fərmanlara əsasən bir sıra qurumlar ləğv edildi, bəzilərinin əsasında vahid struktur yaradıldı, bir qisminin fəaliyyəti isə yenidən təşkil ediləcək. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Dövlətimizin başçısının yanvarın 15-də imzaladığı fərmana əsasən Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdiriləcək. Belə ki, nazirliyin tabeliyindəki kitabxanalar ləğv edilərək yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sistemi yaradılacaq, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətinin səmərəliliyi artırılacaq. Yəni muzeylərin, musiqi məktəblərinin, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyəti təkmilləşdiriləcək, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə xidmət səviyyəsi yüksəldiləcək. Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ləğv ediləcək, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti isə təkmilləşdiriləcək.

Yanvarın 16-da isə Azərbaycan Prezidentinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən, nazirliyin bir sıra departament, mərkəz və institutları birləşdirildi, bəziləri ləğv edildi.

Beləliklə, əsas məqsəd aydın və dəqiqdir: Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət qurumlarının fəaliyyətini optimallaşdırmaq, çevik, yığcam və məqsədyönlü etmək, dövlət xidmətlərinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin vəsaitindən səmərəli istifadəni təmin etmək. Struktur islahatların məqsədi həm də cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. İslahatlar dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev ciddi struktur islahatlarına başlayacağını elan etmişdi:

"İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər".

Dövlət başçısının apardığı struktur islahatları iqtisadi sahədə səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı sayəsində Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə oluna bilər. Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin güclənməsini və beləliklə, ölkənin dinamik və tarazlı inkişafını təmin edir və edəcək. Struktur islahatları nəticə etibarilə həm də məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin yaradılması deməkdir.

Struktur islahatlarının gətirəcəyi faydalardan biri ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi ilə sağlam rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır.

"Azərsilah" ASC və Aqrar Xidmətlər Agentliyi kimi yeni yaradılan qurumlar iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək. Bundan başqa, dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir.

Təbii ki, struktur islahatları nəticəsində vətəndaşlara daha şəffaf, operativ xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi də diqqətdə saxlanılıb. Müvafiq qurumlara fəaliyyəti dayandırılmış strukturların əməkdaşlarının aidiyyəti üzrə yenidən işlə təmin olunması üçün xüsusi tapşırıq verilib.

Əslində dövlət başçısı struktur islahatlarına bir neçə il əvvəl başlamışdı. Hələ 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi, 2018-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini ləğv edilməsi və digər tədbirlər artıq dövlət idarəçiliyində islahatların ilk mərhələsi idi.

Bütün bunlar onu göstərir ki, struktur islahatları arzulanan müsbət nəticələr əldə olunana qədər davam etdiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.