Ölkə

Bakıda tanışının döyüb öldürdüyü şəxsin anası məhkəmədə dindirildi

16 Yanvar 2019 17:49
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyərək öldürməkdə əqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə 2018-ci il iyunun 2-də Bakı şəhərində baş verib.

Belə ki, P.Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R.Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.

P.Səmədov R.Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib. Görüş zamanı hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və P.Səmədov R.Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.

Məhkəmədə elan olunmuş ittiham üzrə P.Səmədov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum R.Rəhimovun anası Dilarə Rəhimova ifadə verib.

O söyləyib ki, oğlu taksi sürücüsü kimi fəaliyyət göstərib, hadisə günü R.Rəhimov evə pis vəziyyətdə qayıdıb: "Evdə dalaşdığını dedi. Bildirdi ki, "alçaq məni arxadan vurdu". Bu adam mənim oğlumun başına beysbol ağacı ilə vurub. Sonra başı ağrıdığını, yatmaq istədiyini söylədi. Səhərisi gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Tez təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi".

D.Rəhimovanın sözlərinə görə, hadisə zamanı oğluna elektorşok veriblər.

Təqsirləndirilən P.Səmədov isə R.Rəhimovu döymədiyini deyib.

Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında mübahisə düşüb.

Hakim tərəfləri sakitləşdirib və hər iki şəxsə xəbərdarlıq edib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin olunub.

Qeyd edək ki, P.Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.