Ölkə

Dosent: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir

14 Yanvar 2019 14:02
Baxış: 838

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirib.

O qeyd edib ki, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.

"Əlbəttə, bu yeganə hal deyildir. Görkəmli dövlət xadimi N.Nərimanovun, dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının bu dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixində imzaladığı Sərəncam Ulu Öndərin bu istiqamətdə gördüyü dəyərli işlərin uğurlu davamıdır", - deyə A.Məşədiyeva bildirib.

İnstitutun elmi katibi deyib ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib. Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə tarixi Sərəncamının əhəmiyyəti bir də ondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.