Ölkə

Vasif Talıbov üçün özəl gün

14 Yanvar 2019 09:44
Baxış: 1 512

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür.

Milli.Az azvision.az-a istinadla xəbər verir ki, V.Talıbov 59 yaşını qeyd edir. 

Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində işləyib. 

V.Talıbov Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. 

Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. 

Vasif Talıbov, həmçinin Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və "Naxçıvan abidələri" ensiklopediyasının redaksiya heyətinin sədridir. Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 

16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.