Ölkə

Məmməd Səid Ordubadi irsinə dövlət qayğısınn parlaq təzahürü

10 Yanvar 2019 17:50
3 Şərh     Baxış: 434

Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbi irsindəki qabaqcıl ideya, fikir və təcrübələrin, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini səciyyələndirərək demişdir: "Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Məmməd Səid Ordubadinin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".

M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə isə Bakıda ədibin yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır. Bundan başqa, xatirəsini əbədiləşdirmək üçün ölkəmizdə, o cümlədən Naxçıvanda bir neçə küçəyə, mədəniyyət müəssisələrinə, kitabxanalara Ordubadinin adı verilmiş, onun adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının qarşısında yazıçının büstü ucaldılmışdır.

Görkəmli Azərbaycan maarifpərvəri Məmməd Səid Ordubadinin zəngin pedaqoji irsi bu gün də böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. Onun Azərbaycanın elmi-fikir tarixində xüsusi yeri və mövqeyi vardır. Ömrünün sonuna kimi ədəbi yaradıcılıqla məşğul olan Məmməd Səid Ordubadi XX əsrin əvvəllərində ictimai-pedaqoji hərəkatın əsas simalarından biri olmaqla yanaşı başqa demokratik maarifçilərlə çiyin-çiyinə çalışmış, dövrünün mühüm pedaqoji məsələlərini demokratik əsaslarla həll etmək uğrunda ciddi mübarizə aparmışdır.

Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi təkcə tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu gün üçün faydalıdır. Çünki onun fikirləri müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir. M.S.Ordubadi irsinin aktuallığını ümummilli liderimiz Heydər Əliyevin qiymətli fikirləri daha dolğun ifadə edir. Ulu öndər M.S.Ordubadi yaradıcılığının tədqiqi və öyrənilməsi ilə bağlı deyirdi: "Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə."

Yüksək mədəniyyətə malik, vətənpərvər, humanist, işgüzar, pedaqoq, görkəmli ictimai və mədəniyyət xadimi Məmməd Səid Ordubadinin həyat yolu gənclərə həyat məktəbidir. Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, türk dövlətlərində yaxın və orta Şərqdə də tanınmış söz ustadlarından biri idi. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər", "Qılınc və qələm" adlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olan M.S.Ordubadinin, mətbuatda çıxan ilk şeirlərindən başlayaraq 1905-ci il Birinci Rus inqilabına qədərki şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə qarşı mübarizə, qəflət və cəhalətin, tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği olmuşdur. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, öz xalqını azad və xoşbəxt görmək üçün çalışmaqdan ibarət idi.

Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif regionlarında soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər, soyqırım və deportasiyalar barədə şahidlərdən aldığı məktub və məlumatlar əsasında M.S.Ordubadi son dərəcə əhəmiyyətli mənbə sayıla biləcək "Qanlı illər" adlı qiymətli bir salnamə yaratmışdır.

Bir yazıçının ömrü onun yaratdıqlarının ömrü, yaratdıqlarına verilən dəyər qədərdir. Dahi şəxsiyyət Heydər Əliyevin M.S.Ordubadi irsinə verdiyi dəyər bu gün də layiqincə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında ədibin irsinə dövlət səviyyəsində daim yüksək qayğı göstərilmişdir. Ali Məclis Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilmiş, əsərlərinin bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki ev-muzeyi əsaslı təmir olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov böyük ədibin 140 illiyi ilə bağlı yubiley tədbirində demişdir: "Bu gün Məmməd Səid Ordubadi deyərkən gözlərimiz önündə ədəbiyyatın, demək olar ki, bütün janrlarında qələmini eyni dərəcədə peşəkarlıqla işlətməyi bacaran böyük istedad sahibi və qüdrətli ədib dayanır. Məmməd Səid Ordubadi yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli əsərlərini təkcə tarixdə yol verilmiş boşluqları doldurmaq xatirinə yaratmamışdır. Bununla yanaşı, o, eyni zamanda oxucusuna, bütövlükdə isə mənsub olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların təkrar olunmamasını da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab edən ədib, bununla da, azərbaycanlı olmağın nümunəsini göstərmişdir".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Oxunması zəruri olan kitabların siyahısı"na Məmməd Səid Ordubadinin "Qılınc və Qələm" romanının daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi, gənc nəslə veriləcək ən böyük töhvələrdən biridir. İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz,mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən dəyəri dolğun şəkildə ifadə edir: "Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir".

  
   Ruhəngiz Əliyeva

   Azərbaycan Yazıçılar Birliyinin üzvü,

   Naxçıvan Müəllimlər İstitutunun əməkdaşı

   Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Roya · 10 Yanvar 19:4130

    Memmed Seid Ordubadinin en sevdiyim eseri ,,Dumanli Tebriz''dir.Defelerle oxumusam.Efsane bir romandir.

    Cavab yaz
    • Anonim
      Leman · 11 Yanvar 01:1530

      Həqiqətən Ordubadinin çox gozəl əsərləri var. Məncə də unudulmamalıdır, indiki və gələcək nəsillərə tanıdılmalıdır.

      Cavab yaz
      • Anonim
        orxan · 11 Yanvar 20:2200

        Naxçıvan dövləti hər zaman bu dahi sənətkarlara qaygıyla yanaşıb. Bir cox məsələdə örnək adımlar atıblar

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.