Ölkə

Alimenti baba-nənədən, bacı-qardaşdan, övlad və nəvələrdən də tələb etmək olar

9 Yanvar 2019 20:20
0 Şərh     Baxış: 1 285

Aliment məsələsinin Azərbaycanda adətən boşanmış ailələrdə ər və arvad arasında qaldırıldığının şahidi oluruq. Lakin bəzən təcrübədə ata və ya ana müəyyən səbəblərdən alimenti ödəmək iqtidarında olmur. Nəticədə isə uşağın və ya uşaqların maddi təminatında problemlər yaranır.

Milli.Az xəbər verir ki, belə olan hallarda ölkə qanunvericiliyinə əsasən, vəziyyətdən çıxış yolu var.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Ona görə də belə hallarda qanunvericilik alimentlə bağlı digər şəxslərə qarşı da tələb irəli sürməyə əsas verir.  

Belə ki, valideynlərdən birinin imkanı olmadıqda uşaq üçün onun baba və ya nənəsindən də aliment tələb etmək olar. Çünki baba və nənənin də nəvəyə maddi köməklik etmək vəzifəsi var. Yetkinlik yaşına çatmayan nəvə öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna kifayət qədər imkanı olan baba və nənədən məhkəmə qaydasında aliment tələb edilə bilər. Yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və valideynlərindən maddi yardım ala bilməyən nəvə də kifayət qədər imkanı olan baba və nənədən aliment tələb edə bilər.

Ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan, valideynlərindən yardım ala bilməyən bacı və qardaş yetkinlik yaşına çatmış və maddi durumu buna yol verən bacı və qardaşından aliment tələb etmək hüququna malikdirlər. Məsələn, 18 yaşına çatmayan və maddi cəhətdən imkansız olan qız və ya oğlan ana-atadan yardım ala bilmirsə, o zaman özündən böyük qardaş və ya bacısının yaxşı gəliri varsa, onlardan aliment tələb edə bilər.

Bundan əlavə, yetkinlik yaşına çatan, lakin valideynlərindən, ərindən və ya arvadından maddi yardım ala bilməyən şəxslər də bu cür aliment tələbini irəli sürə bilərlər.  

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan valideynlər öz övladlarından, baba və nənələr isə nəvələrdən aliment tələb etmək hüququna malikdirlər.

Hətta ögey ata və ana da aliment tələb edə bilər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ya ana oğul və ya qızlarını tərbiyə edib və ya saxlayıblarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Əgər onlar ögey övladlarını 5 ildən az tərbiyə edib və ya saxlayıblarsa, habelə ögey oğul və ya qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməyiblərsə, məhkəmə ögey oğul və ya qızları ögey ata və ya ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Uşağı tərbiyə etmiş şəxs həmin uşaq böyüyüb yetkinlik yaşına çatdıqdan sonra da ondan aliment tələb edə bilər. Faktiki tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.

Qeyd edilən şəxslər alimentin ödənilməsi qaydası və şərtləri barədə müvafiq saziş imzalaya bilərlər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq, sabit pul məbləğində aylıq aliment müəyyən edir. Bu zaman məhkəmə tərəflərin maddi durumunu nəzərə almalıdır.   

Zərif Nisə
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.