Ölkə

"İrəli"nin yubileyində yeni sədrin adı məlum oldu - FOTO

25 Dekabr 2018 21:00
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İrəli" İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Dekabrın 25-də "İrəli" İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib. "İrəli"nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıblar.

Milli.Az-ın məlumatına görə, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"İrəli" İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirib, Birliyə yeni üzvlər qəbul olunub. Bildirilib ki, "İrəli" İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə töhfə vermək və gənclərin inkişafına nail olmaqdır. Beş ildən sonra İctimai Birlik gənclər hərəkatı kimi fəaliyyətini dayandırıb. Qurum 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb. İctimai Birliyin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək gənclərin təşəbbüslərini stimullaşdırmaq və ölkəmizin maraqlarını qoruya bilən vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlığı gücləndirərək Azərbaycanın gənclər siyasətinin uğurla reallaşdırılmasına töhfə vermək də İctimai Birliyin əsas məqsədlərindəndir.

İctimai Birliyin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib: "İrəli" İctimai Birliyi olaraq daim ölkəmizin maraqlarını ön planda saxlamağa, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışmışıq. İnanıram ki, buna nail ola bilmişik. Prezident İlham Əliyevin "gənclərə dəstək ideologiyası" missiyasını əsas tutmuşuq və bunu özümüzə borc bilmişik. "İrəli" İctimai Birliyi olaraq daim öz üzərimizdə çalışırıq. Biz komanda olaraq ölkə gəncliyinin sağlam, intellektual yetişməsini əsas tutaraq dəstəkləyir, onların nümunəvi şəxsiyyət kimi formalaşmasına dəstək olmağa çalışırıq. "İrəli" İctimai Birliyi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da nailiyyətlər qazanıb. Onlarla gəncimiz xaricdə Azərbaycanı uğurla təmsil edib. Onlar beynəlxalq sahədə Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu təbliğ edərək ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıblar".

Sonra Birliyin 2014-2018-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək ölkəmizin aparıcı gənclər təşkilatlarından olan "İrəli" İctimai Birliyinin fəaliyyəti dövründə bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ekologiya, elm, təhsil, mədəniyyət, idman, vətənpərvərlik sahələrində yerli və beynəlxalq miqyaslı uğurlu layihələr reallaşdırıb. İctimai Birlik 10 illik fəaliyyəti dövründə Azərbaycanın gənclər təşkilatları arasında özünəməxsus yer tutub".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Nazir müavini vurğulayıb ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərirlər. Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatının olduğunu deyən nazir müavini "İrəli" İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təşkilat kimi 10, hərəkat kimi fəaliyyətinin 15 yaşı tamam olur. İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən "İrəli" İctimai Birliyinin üzvləri ölkəmizin inkişafında fəal iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətlə yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları fəallıqları ilə seçilirlər", - deyə İ.Davudov qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd ediblər. Bildirilib ki, təşkilatın müəyyənləşdirdiyi prioritet istiqamətlərə nəzər yetirdikdə Birliyin öz üzərinə böyük məsuliyyət götürdüyünü görmək mümkündür. Əminliklə diqqətə çatdırılıb ki, "İrəli" İctimai Birliyi qarşıdakı dövrdə də bu istiqamətdə uğurlu layihələr həyata keçirəcək.

Çıxışlardan sonra səsvermə olub və Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Mirhəsən Seyidov çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin üzə çıxarılması və dəstəklənməsi işində bundan sonra səylə çalışacağını bildirib.

Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.