Ölkə

Azərbaycanda alimlərin ekspert qismində çıxış etməsi vacib hesab olunur

19 Dekabr 2018 14:45
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AMEA Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-i rolu" mövzusunda dəyirmi masa keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildiririb.

İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavan verən məqalələrin hazırlanmasının önəmliliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb.

AMEA-nın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb.

O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu alimlərin ekspert kimi mətbuatda çıxış etməsini vacib sayıb: "Biz nə elm xadimindən jurnalist, nə də jurnalistdən elm xadimi düzəldə bilmərik. Bəzi hallarda bizim üçün ümummilli əhəmiyyət kəsb edən məsələlər bağlı alimlərdən cavab almağa çətinlik çəkirik. Bu baxımdan jurnalistlə alim arasında sıx əlaqə yaratmaq çox çətin olur. Biz bunun üçün səylərimizi birləşdirməli, informasiya boşluğunu doldurmalıyıq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı əlavə edib ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır. Lakin bunun üçün zaman tələb olunur: "Hesab edirəm ki, ilk növbədə elm xadimlərini Avropa üçün deyil, Azərbaycan üçün yetişdirməliyik. Alimlərin elmi məqalələri yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdəki rolu alimlərin dilindən göstərməlidir. Ekspert qismində onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərimizin daha fəaldırlar".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalı, alimlər öz məqalələrini dərc etdirməkdə aktiv olmalıdırlar.

Akademik Misir Mərdanov vurğulayıb ki, Azərbaycanın bugünkü və gələcək inkişafında elmin öz yeri var: "Bu gün elmin populyarlaşdırılması ilə bağlı problemlərdə günahkar axtarmamalıyıq. Bu gün müxtəlif səbəblərdən Azərbaycandan kənarda minlərlə alimlərimiz çalışır. Azərbaycandan uzaqda fəaliyyət göstərən alimlərimizi unutmamalıyıq. Onların millət tərəfindən tanınması ilə bağlı birgə fəaliyyət göstərməliyik".

Tədbirdə elmin təbliğindəki xidmətlərinə görə bəzi jurnalistlərə təşəkkürnamə təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.