Ölkə

Siyavuş Novruzov: "Professordur-nədir, hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub..."

18 Dekabr 2018 13:46
Baxış: 3 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxır. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin. Biz hər kəsi yaxşı  tanıyırıq, o cümlədən onu da", - deputat əlavə edib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, deputat, həmçinin çıxışında Azərbaycanı sevməyən qüvvələr barədə də danışıb. O bildirib ki, Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər: "Kanalları, saytları açdıqca görürük ki, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai-siyasi sabitliyin qorunmasında, dövlətimizin qurucusu ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq?! Bir qrup deputatlar hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək. Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik,sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə mill azadlıqda olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparırlar".

Hüquq-mühafizə orqanlarına müraciət edən S.Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni aidiyyatı strukturların qarşısına qoysunlar: "Sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazsa, gecə ilə həbs edirlər. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiz? Hüquq-mühafiqə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.