Ölkə

Mübariz haqda status yazan psixoloqdan açıqlama - "Tanış bir erməni xanım var..." - VİDEO

16 Dekabr 2018 18:31
90 Şərh     Baxış: 36 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hər zaman fərqli fikirləri ilə seçilən gənc psixoloq yazdığı statusda qeyri-döyüş şəraitində vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan düşməni belə olsa öldürməyin qəddarlıq olduğunu vurğulayıb:

"Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Milli.Az bildirir ki, Qafqazinfo bu məqamda əksər vətəndaşların qınaq obyektinə çevirdiyi bu fikirlərin müəllifini danışdırıb:

- Nərmin xanım, psixoloq kimi yaxşı bilirsiz ki, ictimaiyyətimiz bu kimi mövzularda həssasdır və fərqli fikir səsləndirən istənilən şəxs çox zaman sosial şəbəkələrdə linç olunur.

- Düzü, bu qədər reaksiya gələcəyini gözləmirdim. Çünki status yazanda əvvəlcə izah etmişəm. Bundan əlavə, heç bir təhqir, kiminsə şərəf və ləyaqətini alçaldacaq hər hansı bir söz işlətməmişəm. Sadəcə olaraq fərqli fikir demişəm və bu, mənə görə belədir. Bilirsiniz nəyə təəccüblənirəm? Bu qədər haqsızlıqlara, qadınların döyülməsinə, məktəb şagirdlərinin təhsildən uzaqlaşdırılıb evləndirilməsinə susan insanlar bu dəfə gözlədiyimdən qat-qat artıq reaksiya verdi. Orada çatdırmaq istədiyim mesaj bu deyil. Videoada da geniş izah etmişəm. Kimisə öldürməyən adam mənim üçün düşmən deyil. Onun da hissləri var. Vətən xaini deyirlər. Aprel döyüşlərində iştirak etmiş dostlarım mənə bir kəlmə demədi. Amma əsgərlikdən qalanlar reaksiya verirlər. Bu gün müharibə olsa, sosial şəbəkələrdə məni söyənlər əsgərlikdən qaçdıqları kimi, döyüşdən də qaçacaq. 

- Saytlarda sizin ermənilərlə yazışmanız kimi təqdim olunan yazılar da yayılıb. 

- Ermənilərlə yazışma deyəndə mənimlə eyni düşüncədə olan bir tanış xanımım var. Biz bir-birimizə pis heç nə yazmırıq, təxribat qurmuruq. Sadəcə o da təəssüflənir ki, bir-birimizə düşmən kimi doğulmuşuq. İki ölkənin mədəniyyətini kəşf edə bilmirik. Bu, bir oyundur. Biz sülh istəyirik. Orada da sülh istəyən insanlar var.

- Adınızı axtarışa verən zaman feysbukdakı profilinizi dondurduğunuzu gördüm. Düzü, psixoloqun belə bir addım atması mənə qəribə gəldi. Çoxsaylı tənqidlərə görə profilinizi bağlamısız?

- Yox, qınaqlara görə dondurmamışam. Profilimi hansısa proqrama qoşmuşdular və xarici ölkələrdən qəzəb reaksiyaları gəlirdi. Bundan başqa, adıma xeyli saxta profil açılmışdı. Bu kimi hallarda feysbuk məhdudlaşdıra bilir. Mən onlara bu barədə xəbərdarlıq edib bir müddətlik profilimi dondurmuşdum.

Nərmin Şahmarzadənin məsələylə bağlı etdiyi canlı yayımın videosunu da təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:
Mübariz haqda status yazan psixoloqdan açıqlama

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.