Ölkə

Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16 Dekabr 2018 14:11
4 Şərh     Baxış: 6 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmisi arvadı Marya ilə Rəsulun sevgi macərası düz on il bundan öncə başlayıb. İllər boyu ailə daxilində bu münasibətdən kimsə xəbər tutmayıb. Son iki ildə ailə başçısının həbsxanaya düşməsi cütlük arasındakı sevgi münasibətini daha da alovlandırıb. İş o həddə çatıb ki, Rəsul qadını onun ərinə belə qısqanmağa başlayıb. Doqquz yaşından yanında böyüdüyü əmisinə, onun ocağına xəyanət edən Rəsul sonda sevdiyi qadının - əmisi arvadının da qatilinə çevrilib...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakinin 35 yaşlı Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Marya Qəhrəmanova ilə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

Məhəbbət üçbucağı - qaynı oğlu ilə eşq macərası yaşayan qadın

İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib. Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Marya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.

Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Marya hadisə yerindəcə dünyasını dəyişib.

Valideyn himayəsindən məhrum olan 9 yaşlı Rəsul əmisi evinə köçür

Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib. Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

Rəsul azadlığıa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub: "Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım".

"Əmim arvadı ilə heç vaxt yaxın münasibətim olmayıb"

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib: "Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Marya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Marya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi. Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Maryanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub".

Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul istintaq zamanı belə ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb: "İstintaq zamanı ifadələr müstəntiq tərəfindən düzgün yazılmayıb. Heç vaxt Maryanı öldürmək fikrim də olmayıb".

İstintaqda etiraf, məhkəmədə isə ziddiyyətli ifadələr

R.Hüseynovun məhkəməyə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ilkin ifadələri elan edilib. İstintaqa verdiyi ifadəsində R.Hüseynov təxminən on ildir ki, əmisi arvadı ilə aralarında intim münasibət olduğunu, bu münasibətdən heç kimin, eləcə də əmisinin xəbəri olmadığını, Maryanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib:

"Maryanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qıqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım. Marya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O, isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum".

"Onlardan şübhələnmişdim, anam Rəsula daha çox qayğı göstərirdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib. Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb. Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub:

"Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı. Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi".

"Əmim oğluna ağır cəza verilməsini məhkəmədən xahiş edirəm"

Sübh tezdən anasının səsinə yuxudan oyanan Nərminə onun yenə də Rəsulla mübahisə etdiyinin şahidi olub. Anasının "sən məni vurdun?" deyə qışqırdığını eşidincə evdən çıxaraq hamam istiqamətinə sarı qaçıb:

"Anam yerdə uzanmışdı, nəfəs almırdı. Heç yerində xəsarət yox idi. Baş nahiyəsində bir az qan var idi. Əlimlə qanı sildim. Həmin qan Rəsulun kəsilmiş əlinin qanı idi. Rəsul sərxoş halda hamamda oturmuşdu. Ondan anamı niyə vurduğunu soruşdum. Dedi ki, əcəb eləmişəm. Qaçıb qonşuluqda yaşayan digər əmim oğlunu köməyə çağırdım, təcili yardıma zəng vurdum. Həkimlər anamı müayinə edərək öldüyünü dedilər. Rəsuldan şikayətçiyəm. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm".

Məhkəmənin hökmü ilə Rəsul Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.