Ölkə

Baş katib: "QDİƏT ölkələri arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir"

14 Dekabr 2018 14:34
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Maykl Kristides dekabrın 14-də Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib: "Təəssüf ki, təşkilatın bəzi üzvləri arasında münaqişələr var. Lakin biz tərəflərin qarşılıqlı marağına cavab verən layihələr və əməkdaşlığın gücləndirilməsi üzrə işləri davam etdiririk. Qərara gəlmişik ki, bu təşkilat çərçivəsində siyasi məsələlər müzakirə olunmayacaq".

Baş katib vurğulayıb ki, ildə bir neçə dəfə QDİƏT-in üzv dövlətlərinin nümayəndələri danışıqlar masası arxasında oturur və maraq doğuran məsələləri müzakirə edirlər:

"Buna görə də deyərdim ki, əgər QDİƏT mövcud olmasaydı belə, biz bu təşkilatı yaratmalıydıq. Bizim siyasi problemləri bir tərəfə qoymaq barədə şifahi razılığımız var, buna görə də həmin problemlərin həllinə görə məsuliyyət daşımırıq. Əgər üzv ölkələr hər hansı layihə ilə bağlı razılığa gəlirlərsə, biz həmin layihəni reallaşdırmağa çalışırıq".

M.Kristides əlavə edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı praktiki olaraq ictimai həyatın bütün sahələrində böyük irəliləyiş əldə edib.

Qeyd edək ki, QDİƏT-in 39-cu iclası bu gün Bakıda öz işinə başlayıb. Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.