Ölkə

Departament rəhbəri: "Qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 3,5 faizə düşüb"

13 Dekabr 2018 17:21
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarət sisteminin zəifləməsi demək deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.

X.İsgəndərov bildirib ki, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyicilərinin vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergidən yayınma hallarına son qoyulması, bu sahədə qətiyyətli tədbirlərin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı vergi orqanlarına mühüm tapşırıqlar verib:

"Məlum olduğu kimi, Vergilər Nazirliyi 2018-ci ili "kölgə iqtisadiyyatı"ndan şəffaf iqtisadiyyata keçid ili olaraq qəbul edib. Bu dövr sahibkarlıq subyektlərinə malların sənədsiz dövriyyəsinin aradan qaldırılması, gəlir və xərclərin uçotunun rəsmiləşdirilməsi, dövriyyələrin şəffaflaşdırılması, yol verilən vergidən yayınma sxemlərinin ləğv edilməsi və şəffaf fəaliyyətə keçid üçün müəyyən edilib. Vergi orqanları, öz növbəsində, qarşılıqlı addım olaraq vergi yoxlamalarının sayını azaldıb, funksional idarəetmənin səmərəliliyinin artırılması üçün struktur və kadr dəyişiklikləri aparıb. Əsas yanaşma budur ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar. Təbii ki, bu müəyyən hazırlıq tələb edir. Vergi orqanları üçün bu hazırlıq, öz strukturunu və iş metodlarını dəyişməkdirsə, sahibkar üçün mövcud çatışmazlıqları aradan qaldırmaqdır".

Onun sözlərinə görə, bütövlükdə, vergi orqanlarının bu çağırışları işgüzar dairələrdə müsbət qarşılanıb: "Bu çağırışları qəbul edib, öz uçot sistemini yenidən diaqnostika edərək fəaliyyətini şəffaflaşdıran sahibkarlar da olub, keçid ilində "yoxlamalar yoxdur" deyərək əvvəlkindən daha sərbəst şəkildə qanunları pozmaq və vergidən yayınmaq istəyənlər də. Təbii ki, bu çağırışların hamı tərəfindən eyni cür qəbul ediləcəyini gözləmirdik. Keçid ilinin mahiyyəti o demək deyildir ki, həmin ildə sahibkarlar qanunu istədikləri kimi poza bilərlər. Əksinə, riskli sahələrdə vergi nəzarəti tədbirlərini daha da gücləndirmişik. Məsələn, alkoqollu içkilərin istehsalı və aksizsiz tütün məmulatlarının dövriyyəsinə qarşı mübarizə tədbirlərini göstərmək olar. Əgər ilin əvvəlində daxili bazarda qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatlarının həcmi 16-18 faiz təşkil edirdisə, görülən tədbirlər nəticəsində bu gün həmin rəqəm 3,5 faizə düşüb. Bundan başqa, cari ilin avqustun 1-dən alkoqollu içkilərin istehsalı ilə məşğul olan əsas müəssisələrdə aksiz postları qurularkən məlum oldu ki, tünd içkilərin istehsalının həcmi 5 dəfəyədək azaldılırmış. Qeyd edim ki, bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalı, saxta aksiz markalarından istifadə və aksiz markası olmadan məhsul istehsalı və s. kimi hallar çox geniş yayılmışdı".

Departament rəhbəri qeyd edib ki, aparılan tədbirlər nəticəsində bu sahədə məhsulların dövriyyəsinin şəffaflaşması, aksizlərdən düzgün istifadə istiqamətində ciddi dönüş yaranıb: "Lakin təəssüflə qeyd edirəm ki, bu cür qanun pozuntuları digər sahələrdə də mövcuddur. Əgər kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu nəzarət sisteminin zəifləməsi demək deyil".

X.İsgəndərov əlavə edib ki, vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir: "Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır. Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.