Ölkə

Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR

7 Dekabr 2018 13:54
11 Şərh     Baxış: 18 738

Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51% arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəs­mi­ləşdirilməsindən yayınır və əmək­haqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə qəbul edilərək təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim olunub. Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdı­rılması istiqamətində həyata keçiriləcək islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir. Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.

Milli.Az marja.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.

İslahat modelinə əsasən, aylıq məbləği 8000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə en­diriləcək, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.

Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:

- əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi - 3,5 faiz, işəgötürən - 22,5 faiz (cəmi 26 faiz);

- əmək­haqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi - 10,5 faiz, işəgötürən - 15,5 faiz  (cəmi 26 faiz).

İslahat nəticəsində qeyri-neft və qeyri-dövlət sektorlarında işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək. Muzdlu işçilərin vergi yükünün aşağı salınması işəgötürənlərlə yanaşı, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə özəl sektorda çalışan muzdlu işçilərin də gəlirlərinin bir hissəsinin onlarda qalmasını şərtləndirəcək. Leqallaşma nəticəsində faktiki əməkhaqqının rəsmi sənədlərdə tam şəkildə göstərilməsi işçilərin pensiya və digər sosial hüquqlarının təmin olunmasına, habelə vətəndaşların kredit almaq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Xatırladaq ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.

Beləliklə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsi üzrə əməkhaqqından gəlir vergisinin hesablanması 2 kateqoriyaya bölünəcək: dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar; neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.

Hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:

Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:

Vergi üzrə:

500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat
 
300 manat  x 14 faiz (gəlir vergisi) = 42 manat

Sosial sığorta üzrə:
 
500 x 3,5 faiz  = 17,5 manat
 
Cəmi: 59,5 manat

500 manat - 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:

Vergi üzrə:
 
Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

Sosial sığorta üzrə:
 
6+ (500-200) x10,5 faiz = 37,5 manat 
 
Cəmi: 37,5 manat.

500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    diqqetli ol · 7 Dekabr 14:0920

    6 yoxsa 7

    Cavab yaz
  • Anonim
    777 · 7 Dekabr 14:4011

    Deyisikliye göre bûdceden maas alanlar indikine nisbeten daha çox vergi ödemeli olacaq. Çox teessûf... Onsuz da özel sirketlerde emekhaqqi yûksekdir.

    Cavab yaz
  • Anonim
    Qafar müəllim · 7 Dekabr 15:1720

    Məsələ mən 1100 manat alıram necə olacaq bilən varsa yazsın xahiş edirəm

    Cavab yaz
    • Anonim
      Elvin · 8 Dekabr 10:3000

      texminen 1200 alacaqsiz 7 il eriznde

      Cavab yaz
  • Anonim
    Naz77 · 7 Dekabr 15:5311

    Bu hesablama duzgun deyil. Bu nümunədə işsizlik vergisi 0.5 % və həmkarlar ittifaqının vergisi 2% göstərilməyib.

    Cavab yaz
    • Anonim
      . · 7 Dekabr 18:1420

      həmkarlar ittifaqının vergisi odemeye mecburi deyilsiniz. hec bir fealiyyeti olmayan bir quruma niye vergi odeyirsiniz?

      Cavab yaz
  • Anonim
    abi · 7 Dekabr 16:2020

    burada bir atalar sözü yadıma düşdü- həsən keçəl, keçəl həsən və ya əlinin papağı vəlinin başında

    Cavab yaz
  • Anonim
    777 · 7 Dekabr 17:3310

    3,5%-in 3%-i siğorta, 0,5%-i issizlik vergisidir.

    Cavab yaz
  • Anonim
    Mahmud · 8 Dekabr 10:3310

    Salam, 500.00 AZN əmək haqqı (GROSS) alan işçidən tutulacaq: Gəlir vergisi-0.00; Məcburi dövlət sosial sığorta haqqı - 36.00 AZN; İşsizlikdən sığorta haqqı - 2.50 AZN; Ələ çatacaq əmək haqqı (NET) - 461.50 AZN.

    Cavab yaz
  • Anonim
    Adil · 8 Dekabr 18:0700

    Socarda 1000 azn alan(umumi) ne qeder maas alacaq.temiz indi 175 tuturlar.2019 da ne qeder tutulacaw.bilen varmi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.