Ölkə

Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq - QƏRAR

7 Dekabr 2018 12:04
1 Şərh     Baxış: 1 935

Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, yeni təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ilə qəbir yerlərinin ayrılması proseduru müəyyənləşib.

Qaydalara əsasən, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.

Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Azərbaycanda müvəqqəti olan və ya müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəxs miqrasiya uçotundan çıxarılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında həmin şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi üçün Xarici İşlər Nazirliyi vətəndaşı olduğu və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı xarici ölkənin səfirliyini və ya konsulluğunu məlumatlandırır.

Azərbaycan ərazisində vəfat etmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi həmin şəxsin qohumları, qanuni nümayəndələri və ya cənazənin göndərilməsi ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən, həmin şəxs əməkçi miqrant olduğu halda isə onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilir.

Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.

Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elshan · 7 Dekabr 12:5620

    Buna qeder olan qeyri-resmi odenishlerin taleyi nece olsun bes? Qebir qiymetleri dodaq uchuqladir az qala... Ele bil bag evi alir camaat... Az qala "deniz menzereli, havasi temiz, suyu, qazi, ishiqi daimi" olan elanlarla qebir yerlerini satisha chixarsinlar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.