Ölkə

“Oğlanlar əsgərliyə gedib gələndən sonra həsir toxumurlar” - FOTO

21 Noyabr 2018 15:04
0 Şərh     Baxış: 2 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həsir zənbillərə qırmızı lent bağlayıb xonça əvəzi istifadə edənlər də var.

Milli.Az xəbər verir ki, bunu report-a həsirçi, Bakıda keçirilən "Təbiəti dəyişmə, özünü dəyiş!" devizi altında "Caspian Ecology" 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçısı, Masallı rayonunun Şaturba kənd sakini, 69 yaşlı Üzürə Abbasova deyib.

Rütubətdən qoruyan

Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir, rütubətli bölgələrdə nəmişlikdən qorunmaq üçün ən yaxşı vasitə sayılır. Həsir nəmişlik olan ərazilərdə yerləşən evlərdə xalça-palazın altına döşənir ki, sakinləri rütubətdən qorusun. "Döşəməyə həsir sərilən evdə rütubət olmaz" - deyirlər. Üstəlik, dədə-babalarımız həsirdən sərinkeş, soyuducu kimi, həmçinin çəltik qurutmaq üçün də istifadə ediblər.

Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənətidir. Burada həm qadınlar, həm də kişilər həsir toxuyurlar. Müsahibim deyir ki, oğlanlar uşaq vaxtından öyrənir, amma əsgərliyə gedib gələndən sonra toxumurlar.

Masallıda yaşayanlar sadə, Astara və Lənkəranda yaşayanlar isə naxışlı həsirlərə üstünlük verirlər.

Üzürə Abbasova deyir ki, həsir toxumaq çox əziyyətli işdir. Həsir toxuyanların əlləri bütün gün soyuq suda qalır, çünki çubuqları sulamasan toxumaq olmur: "Çətindir qızım, bu iş əllərə zülm edir, barmaqları aparır. Amma getdikcə adət halını alırıq, bizim əllərimiz artıq öyrəşib. Elə olur ki, heç baxmadan toxuyuruq. Ata-babadan bu işlə məşğuluq, çörəyimiz həsir, zənbil toxumaqdan çıxır".

Ya 2 il, ya da 10 il...

Həsir hazırlamaq üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər, xüsusilə də qadınlar "pizə" adlanan xüsusi xammal toplayırlar. Gətirib evdə təmizləyirlər, günəş şüaları altında sərib qurudurlar, sonra isə ban dedikləri qapalı yerdə saxlayırlar. Əsas odur ki, "pizə"lərə yağış dəyməsin.

Həsiri qurudulmuş "pizə" çubuğundan həm əllə, həm də şaquli və ya üfüqi dəzgahda toxuyurlar.

Həsirçi müsahibim deyir ki, həsir evdə, quru yerdə saxlanılanda çox qalır. Elə həsir var 10 il qalır, amma nəmişlik olan yerdə 2 il qala bilir.

Əvvəl çox ucuz idi

"Zamanla həsir alanların sayı artır" - deyir müsahibim. Əvvəllər toxunan həsirlərin, çantaların qiyməti də çox ucuz imiş, çəkilən o qədər əziyyətə dəymirmiş, amma indi həm alıcılar çoxalıb, maraq artıb, həm də qiyməti nisbətən bahalaşıb.

Cehizlik

Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilirmiş. Eyni zamanda keçmiş zamanlarda həsirçiliyin mövcud olduğu zonalarda gəlin köçən qızların cehizlərinə mütləq həsirdən hazırlanmış məmulatlar qoyarmışlar.

Həsirdən hazırlanan zənbillər, şlyapalar, çantalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar və digər məmulatlardan günümüzdə də geniş istifadə olunur. Artıq toylarda xonça əvəzi həsir çantalardan da istifadə olunur. Hətta hədiyyə üçün alanlar da var, gəlib özləri sifariş edirlər, formalarını deyirlər. Əlbəttə ki, bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.

Bazar qiyməti

Həsirçilər hazırladıqları məhsulu Lənkəran, Masallı, Cəlilabad bazarında satırlar. Həsirdən hazırlanan əşyaların qiymətləri ölçülərindən asılıdır. Lap balaca həsir zənbillər 2 manata, böyükləri 7 manatadır. Balaca həsir xalça isə 10 manatadır.

Üstünlüyü

Müsahibim deyir ki, həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür.

"Gözün gördüyün müddətdə həsir toxuya bilərsən"

"Həmişə işgüzar adam olmuşam, bir yerdə oturmamışam, işləyən adam qocalmır" - deyən Üzürə Abbasova cavanlara məsləhət verməyi, sağlam qalmağın yollarını tövsiyyə etməyi də unutmur: "Çox işləyin, tez-tez yeriyin ki, canınız sağlam olsun. Mən yerisəm, siz mənə çata bilməzsiniz".

Həsirçilər ya ayaqlarını qatlayıb, ya da uzadıb otururlar. Üzürə Abbasova deyir ki, oturacaqda otura bilmir, ayaqlarını qatlayıb oturmağa öyrəşiblər: "Bakıya gələnə kimi ayaqlarım ağrıdı, ayaqlarımı sallayıb otura bilmirəm, ya uzadıram, ya da qatlayıram".

Onu da qeyd edim ki, tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.