Ölkə

Azərbaycanın ən xoşbəxt qocaları - “Üçüncü bahar”larını belə yaşayırlar - VİDEO - FOTO

19 Noyabr 2018 14:35
1 Şərh     Baxış: 4 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar ertəsi, saat 2-də rəsm dərsi, çərşənbə axşamı qurama, cümə rəqs terapiyası...

Bu, bir məktəblinin dərs cədvəli deyil, ancaq onlar məktəblilərdən də gümrah, şən və əylənməyi bacarandırlar.
 
Çünki qəhrəmanlarım nə az, nə çox düz "Üçüncü bahar"larını yaşayırlar.

Bir müddət əvvəl sosial şəbəkələrdə təqaüdçülərin vals oynaması videosu diqqətimizi çəkmişdi. Əldə fransızsayağı tor əlcəklər, gözdə müxtəlif rəngli eynəklər, başda aristokrat şlyapa və bir xanımın olmazsa olmazı qırmızı pomada, mirvari boyunbağı. Rəqs edirlər, deyib-gülüb əylənirlər.

Ən gözəli ondan ibarətdir ki, hər zaman xarici səhifələrdə izləməyə öyrəşdiyimiz bu mənzərə elə öz ölkəmizdən idi.

Maraqlanırıq. Məlum olur ki, təqaüdə çıxmış insanların həyatlarının "üçüncü" səhifəsini daha rəngarəng, daha dinamik olması istiqamətində "Üçüncü bahar" təşəbbüs qrupu yaradılıb.  

Milli.Az xəbər verir ki, qafqazinfo yolunu "Yaşa" mərkəzindən salıb.

Biz mərkəzə çatan zaman təqaüdçülərin çoxu rəqs terapiyasında idi. Məlumat alırıq ki, terapiya 1 saat müddətində davam edəcək və bu müddətdə onları narahat etmək olmaz. Odur ki, sakitcə yan otağa boylanırıq. Burada nəsə yaman iş gedir. Sonradan öyrənirik ki, təqaüdçülərin bu canfəşanlığının əsas səbəbi yaxın zamanda planlaşdırılmış sərgiyə hazırlıqdır. Hər biri öz dünyasını əks etdirdikləri rəngli qurama işlərini bizə göstərib təsvir etdikləri mənzərədən danışmağa başlayır.

66 yaşlı Narxanım Paşayeva uzun müddət neft şirkətində işləyib. Bir çox sahələrə marağı olan bu gözəl xanım təqaüdə çıxdıqdan sonra bir qədər depressiyaya düşüb. Daha sonra bu klub haqqında eşidib və hazırda gününün böyük hissəsini burada keçirdiyini deyir:

"Adı məni cəlb etmişdi. Mehriban bir ortam var və təqaüdçülərlə tanış olduqdan sonra özümü bu qrupa həsr etmişəm. 

Demək olar ki, "Üçüncü bahar" mənim həyatımı 180 dərəcə dəyişib. Təqaüdə çıxandan sonra bir növ depressiyaya düşmüşdüm. Üç ay özümə gələ bilmədim. Evdə o otaqdan bu otağa, o eyvandan bu eyvana elə hey dolaşırdım. Özümə yer tapa bilmirdim. 

İndi hər səhər saat 10-da gəlirəm, axşam saat 5-ə kimi burdayam. Hər gün fərqli və maraqlı təlimlər, rəqs və rəsm dərsləri olur, burada qaynar iş gedir. Artıq bir-birimizə çox doğma olmuşuq. Təqaüdçüyə nə lazımdır? Ünsiyyət, xoş söhbət".

Öyrənirik ki, Narxanım xanım ildə ən azı bir dəfə xaricə səyahətə çıxır. Onlarla ölkədaxili turlara qoşularaq həyatına rəng qatır. Hazırda qurama üçün tikiş maşınının arxasında sevinclə əyləşən bu xanım deyir ki, əvvəllər heç vaxt tikişlə  məşğul olmayıb:

"Bu, mənim üçün ilkdir. Artıq qalan parçalarda öz dünyamızı əks etdiririk. Fəridə Mustafayeva məndə bu sənətə sevgi yaradıb. Hər gecə ən azı bir parça tikməmiş yata bilmirəm. Hazırda sərgiyə hazırlaşırıq". 

Otaqda qurama sənəti ilə yanaşı, həm də rəsm çəkənlər var. Özü də əyində kostyum, qalstuk, əldə fırça çox böyük incəliklə natürmort rənglənir. Söhbətləri əsnasında bir cümlə qulağımıza çatır:

"Ötən gün biri dedi ki, bu yaşdan sonra rəsm çəkərlər? Niyə çəkmirlər?! Rəsmlə məşğul olan adamın gərək səbri olsun. İnsanda ki, səbr yoxdu, daha o niyə yaşayır?"

Söhbətə biz də qoşuluruq. Məlum olur ki, 70 yaşlı Bağır Məmmədov elə Bakıxanov ərazisində yaşayır. Əvvəllər sürücü olub. Təqaüdə çıxdıqdan sonra isə özünə əlavə məşğuliyyətlər axtarıb. Həyətdə domino, nərd oynamağı sevmədiyi üçün bu klub haqqında eşidəndə çox şad olub:

"Veteranlar sədrimiz var, o dedi ki, boş vaxtlarımızı keçirməyimiz üçün belə bir yer var. Mən də gəldim. Bəyənirəm. Özüm üçün çəkirəm, öyrənirəm. Rəsmə marağım olub, ancaq davam etdirə bilməmişəm. Sürücüyəm, ömrüm yollarda keçib. İndi də velosipedim var. Yay oldu, termosumu, yeməyimi götürüb velosipedlə gedirəm balıq tutmağa. 2-3 kilo tutub gətirirəm evə, arvadımla bişirib yeyirik.

Rəsmi hobbi kimi seçsən, qəşəng şeydir. İnsanı rahadladır, özümü əla hiss edirəm". 

Bu əsnada bizə xəbər gəlir ki, artıq rəqs terapiyası bitib və bayaq maraqla izlədiyimiz xanımlarla söhbətləşə bilərik. Rəqs boyu enerjisi və xoş aurası ilə diqqətimizi çəkən bir xanıma yaxınlaşırıq. Məlum olur ki, o, bayaqdan xanımların haqqında çox müsbət fikirlər dediyi, təqaüdçülərə qurama sənətini öyrədən Fəridə Mustafayevadır. 67 yaşlı Fəridə xanım biologiya fakültəsini bitirib, elmi-tədqiqat işləri ilə məşğul olub. Daha sonra isə Qızıl Aypara Cəmiyyətində sosial işlərini davam etdirib. Özü də o, hər gün dərslərə girmək üçün "AzNeft"dən Bakıxanova gəlir:

"Rəqs terapiyasında özümü çox rahat hiss edirəm. Həmişə arzulamışam ki, baletlə məşğul olum. İnternetdə görmüşdüm ki, Londonda yaşlı insanlara terapiya kimi balet keçirilir. Onların yaşlıları bizdən də yaşlıydı. Dedilər rəqs olacaq. Durdum, gəldim. Bu, mənə baletdən də uyğun oldu. Bəlkə 10 il sonra baletlə məşğul olaram, ancaq indi bu proqram mənə çox xoşdur. Rəqs zamanı niyəsə əllərimi yuxarı qaldırıram, elə bil harasa çatmaq istəyirəm. Dərsdən çıxanda özümü çox rahat hiss edirəm".

Fəridə xanım burada yeni ziyalılarla tanış olmaqla yanaşı, həm də universitet yoldaşlarına da rast gəlib:

"Övladlarım həmişə deyir ki, onlar həyatlarını qurub, artıq özüm üçün nəsə etməliyəm. Burada hiss etdim ki, ilk dəfə problemləri, narahatlığı kənarda qoyub özüm üçün nəsə etməyi bacarıram". 

Daha sonra bizi Namiq Tağızadə ilə tanış edirlər. Məlum olur ki, 72 yaşlı Namiq bəy hazırda özəl bankların birində çalışır:

"Sənətim ticarət olub. Fəhləlikdən müdir vəzifəsinə kimi qalxmışam. 1995-ci ildən işləmirəm. Təqaüdə çıxmışam. 

"Üçüncü bahar" həyatımda elə bir dönüş edib ki, bundan sonra 70 il də yaşasam belə bir şey başıma gəlməzdi. Təlimlərin birində bizə bank əməliyyatları barədə məlumat verildi və indi mən baş ofisdə səhər saat 9-dan 4-ə kimi cavan-cavan qızların yanında dayanıb iş görürəm. Məni orada görən hamı çox təəccüblənir. Fikirləşirlər ki, bu saç-saqqalı ağarmış qoca burada nə gəzir? Bura olmasaydı, məni o işə kim qəbul edərdi?"

Nəmiq bəy gəncliyində rejissor, aktyor olmaq istəyib. Elə bu arzusunu da üçüncü baharında reallaşdıra bilib:

"O, mənim ürəyimdə qalmışdı. Bura gələndən məni iki dəfə videoçarxa çəkiblər. Təqaüdçülərə deyərdim ki, gəlsinlər maraqlansınlar. Vallah, onların ömrü daha da uzanacaq. Bəzi insanlar yaşa dolduqca passivləşirlər. Özləri öz ömürlərini qısaldırlar. Mən ömrüm boyu gəzmişəm. Yaxşı pulum olub, ancaq maşınım olmayıb. Çünki piyada gəzməyi sevmişəm. Buradakı xanımlarımız çox kübar və savadlı xanımlardır. Bir az kobud səslənəcək - amma bozbaşbişirən arvadlardan deyillər. Dünyagörmüşdürlər. Çoxlu gözəl söhbətlərimiz olur".

Sonda bayaqdan təqaüdçülərin sevgiylə bəhs etdiyi "Üçüncü bahar" təşəbbüs qrupunun təsisçiləri Nərmin Qəniyeva və Natavan Yusifova ilə söhbətləşirik. Onların sözlərinə görə, belə bir fikir ilk olaraq Natavan xanımın ağlına gəlib. Çox adam bunun gerçəkləşdirilməsinin çətin olacağını desə də, Nərmin xanım ona dəstək olub və qərarlarında israrlı olublar:

"Öz müşahidəmiz nəticəsində qərara gəldik ki, keçmişdə çox fəal olan şəxslər təqaüdə çıxdıqdan sonra passivləşir, depressiyaya düşürlər. Müəyyən müddətdən sonra onlar evdən kənara çıxmaq istəmir, özlərinə baxmağı unudurlar. Bütün fikirləri evlə bağlı olur. Biz də qərara gəldik ki, onlar üçün nəsə etməliyik. Xarici təcrübədə görmüşdüm ki, yaşlılar toplaşıb muzeylərə gedirlər, hər hansı bir fəaliyyətlə məşğul olurlar. Və "niyə də bizdə olmasın?" dedik. 

Layihəyə başlayan zaman özümüzə tərəfdaş kimi psixoloq da götürdük. Onunla bütün qərarlarımızı müzakirə edirik. Bundan əlavə, məsləhətçimiz də var". 

Nərmin xanım deyir ki, layihə maraq dairələrinə görə əsasən 3 hissəyə bölünüb:

"Maaarifləndirici, yaradıcılıq və sağlamlıq istiqamətlərində. Sağlamlıq istiqamətində təqaüdçülərimizi həkimlərlə görüşdürürük, sualları cavablandırılır. İdman və rəqs dərsləri təşkil olunur. Yaradıcılıq çərçivəsində rəsm, deküpaj, qurama, vitraj və bu kimi incəsənət növləri ilə məşğul olurlar. 

Maliyyə savadlılığına dəstək veririk. Pensiya kartlarından istifadə qaydası, onlayn ödənişlər, kompüter və dil bilikləri öyrədilir.

Mərkəz Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilib, eyni zamanda kommersiya banklarından biri bizə dəstək olur. Bundan başqa, iki könüllümüz var ki, rəsm və kompüter biliklərini yaşlılarla bölüşürlər. 

Tədbirlərimizdə iştirak tam ödənişsizdir və hər bir təqaüdçü üçün qapımız açıqdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın ən xoşbəxt qocaları...

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.