Ölkə

AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

16 Noyabr 2018 18:32
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın "Dispatch News Desk" (DND) xəbər agentliyi AZƏRTAC ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Milli.Az xəbər verir ki, iki media qurumu arasında əlaqələr yaradılması noyabrın 16-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun DND xəbər agentliyinin baş redaktoru Ağa İqrar Harun ilə görüşdə müzakirə olunub.

Azərbaycan ilə Pakistanı sıx dostluq və qardaşlıq münasibətləri birləşdirdiyini deyən Aslan Aslanov bütün sahələrdə olduğu kimi KİV-lər arasında da əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu bildirib. Qeyd olunub ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlət kimi Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt edilməsini daim pisləyir, bu işğalçı ölkəni beynəlxalq səviyyədə tanımır. "Regionun nüfuzlu ölkələrindən olan Pakistanın media qurumları ilə informasiya mübadiləsinin genişləndirilməsini zəruri hesab edirik. Bu, iki ölkənin və xalqlarımızın daha da yaxınlaşmasında, cəmiyyətlərimizdə məlumatlılığın artırılmasında mühüm əhəmiyyət kəsb edir", - deyə İdarə Heyətinin sədri qeyd edib. Vurğulanıb ki, DND agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər yayımının gücləndirilməsi istiqamətində müsbət addım olacaq.

Azərbaycan Pakistanın xarici siyasətində özünəməxsus yer tutur. Bu barədə danışan Ağa İqrar Harun hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsini qarşılıqlı münasibətlərdə vacib amil olduğunu qeyd edib. İnformasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi təşəbbüsünü dəstək verən baş redaktor AZƏRTAC-ın xəbərlərinin öz kanalları vasitəsilə Pakistan cəmiyyətinə çatdırmağa hazır olduqlarını söyləyib. "Agentliyimiz Azərbaycanla bağlı xəbərlərin yayılmasına diqqətlə yanaşır. Biz sizin xəbərləri urdu dilində də yaymaq istəyirik. Ümid edirik ki, bizim əməkdaşlığımız Pakistanla bağlı xəbərlərin də Azərbaycanda daha geniş yayılması üçün şərait yaradacaq", - deyə baş redaktor qeyd edib.

Görüşdə AZƏRTAC-ın hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri (OANA) təşkilatına sədrliyi, bu beynəlxalq qurumlar çərçivəsində Pakistanın APP və PPİ agentlikləri ilə əməkdaşlıq etməsi barədə qonağa məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.