Ölkə

Borc sahiblərinə xəbərdarlıq: Borcu olanları utandırmaq hüquqi məsuliyyət yaradır

15 Noyabr 2018 20:04
0 Şərh     Baxış: 2 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə borclu müştərinin şəklinin "ABC-Telecom" tərəfindən divarlara yapışdırılmasını iddia edən xəbərlər yayıldı.

Milli.Az bildirir ki, "ABC-Telecom"dan Sputnik Azərbaycan-ın yazılı sorğusuna cavab olaraq isə bildirildi ki, şirkət tərəfindən belə bir addım atılmayıb.

"Müştərinin şəklinin və ona dair şəxsi məlumatların əks olunduğu kağız daşıyıcılarının binalara yapışdırılması ilə bağlı yayılan xəbərlərə görə məsuliyyət daşımırıq. Çünki hər zaman müştərilərin şəxsi və kommersiya sirri hesab edilən məlumatlarının gizli saxlanılmasına ciddi yanaşmışıq. Bu kimi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür" - deyə şirkətdən bildirilib.

"ABC-Telecom" şirkətindən verilən rəsmi açıqlamada digər bir məsələyə də diqqəti yönəldiblər: "KİV-də yayılan fotoda bu işi təşkil edənlərin açıq-aşkar qeyri-professional olduğu görünür. Qeyd etmək istərdik ki, tarixin 5 noyabr 2018-ci il kimi göstərildiyi sənəddə əks edilən "Kontakt Home" mağazalar şəbəkəsinə aid olan loqo artıq 2 ildən çoxdur ki, tərəfimizdən istifadə olunmur".

Şirkətdən bildirilib ki, müştərilərlə qarşılıqlı razılıq əldə edilmədikdə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunları çərçivəsində məhkəmə qaydasında həll olunur: "Güman edirik ki, bu aksiya şirkətimizi sevməyənlər tərəfindən təşkil olunub. Öz növbəmizdə bu məsələnin araşdırılmasından ötrü səy göstərməyə hazırıq. "ABC-Telecom" MMC olaraq bu təxribat xarakterli addımı atanların şəxsiyyətlərinin müəyyən olunmasında hər kəsdən çox məhz biz maraqlıyıq".

Baş verənlər yeni sual meydana çıxarır: Maraqlıdır, borc ödənilmədikdə şirkətlər tərəfindən müştərilərə qarşı hansı addımların atılması mümkündür, hansı addımların atılması isə qanunaziddir?

Məsələ ilə bağlı danışan hüquqşünas Asif Abdullayev belə bir addımın atılmasının qanunvericiliyə zidd olduğunu deyib: "Borclunu utandırmaq üçün belə bir addımın atılması həm qanunvericiliyə ziddir, həm də etik çərçivədə qəbuledilməzdir. Çünki borclunun şəklinin divarlara vurulması ətrafda ona qarşı mənfi fikirlər formalaşdıra bilər. Bu səbəbdən həmin şəxs mənəvi ziyanın dəyməsi ilə əlaqədar olaraq məhkəmədə iddia qaldıraraq, kompensasiya tələb edə bilər".

Hüquqşünas dəymiş mənəvi ziyana görə zərərçəkmişə konkret nə qədər vəsait ödənilə biləcəyinə də aydınlıq gətirib: "Şəxslərin daşıdıqları statuslara görə bu məbləğ müxtəlif ola bilər. Konkret cavab vermək mümkünsüzdür. Mənəvi ziyana görə dəymiş zərər hesablandıqda bir sıra nüanslar nəzərə alınır. Elə bir tanınmış şəxs ola bilər ki, onun haqqında səsləndirilən kiçik bir ifadəyə görə qarşı tərəf böyük miqdarda kompensasiya ödəməli olsun".

A.Abdullayev bildirib ki, məhkəmə qərarı varsa, sonrakı prosesin icrası icra məmurunun üzərinə düşən öhdəlikdir: "İcra məmuru da qanunvericiliyə əsaslanaraq zəruri addımlar atmalıdır. Borclu pulu ödəməkdən yayındığı halda icra məmuru şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmək səlahiyyətinə sahibdir. Məhkəmə qərarına əsasən isə, borclu həbs də oluna bilər. Qanunvericilik belə addımların atılmasına icazə verir".

"Borclunun imkanı yoxdursa, onun bu vəsaiti ödəməsi 2-3 ilədək də uzadıla bilər" - deyə hüquqşünas əlavə edib.

Ekspert "İcra məmurları haqqında" qanunun 8-ci maddəsinə əsasən, icra məmurunun hüquqlarını da sadalayıb: "Borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq. Zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq. Habelə müvafiq məhkəmənin qərarına əsasən, bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək. Əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək".

"Bundan başqa, icra məmurlarının digər hüquqları da var: Tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək. Tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək. Tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək" - deyə hüquqşünas qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.