Ölkə

Xalq artisti Amaliya Pənahova dəfn olundu - YENİLƏNİB - FOTO

9 Noyabr 2018 13:45
13 Şərh     Baxış: 12 535

14:30

Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova dəfn olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

A.Pənahova "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında aktrisa ilə vida görüşü keçirilib.

Aktrisanın uzun illər çıxış etdiyi teatrın səhnəsində qoyulmuş cənazəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mədəniyyət Nazirliyi, digər qurumlar adından əklillər qoyulub. Yüzlərlə şəhər sakini, sənətsevərlər tanınmış aktrisa ilə vidalaşmaq üçün Akademik Milli Dram Teatrının binasına gəliblər.

Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Amaliya Pənahova Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Onun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün ağır itkidir. Diqqətə çatdırılıb ki, görkəmli aktrisanın dünyadan köçməsinə cəmiyyətimiz tərəfindən verilən reaksiya, bu gün bu qədər insanının bu mərasimə gəlməsi bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının mədəni həyatının, irsinin ayrılmaz bir hissəsidir. Nazir Amaliya Pənahovanın həyat və yaradıcılığından danışaraq, onun milli teatr və kino sənətinə dəyərli töhfələr verdiyini, peşəkar ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin rəğbətini qazandığını vurğulayıb.

Mərasimdə Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, xalq artistləri Rafael Dadaşov, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, digər çıxış edənlər Amaliya Pənahovanın sənət yolundan, teatr və kino yaradıcılığından söz açıblar.

Amaliya Pənahovanın ailəsi adından oğlu İlqar Muxtarov çıxış edərək anasının sənətinə verilən yüksək qiymətə və xatirəsinə göstərilən dərin ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, aktrisa 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib.

O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib.

1982-ci ildə "İlin aktrisası" elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, ali məktəbin professoru olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!

----------

11:34

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak edirlər.

A.Pənahova "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

A.Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amaliya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amaliya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amaliya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amaliya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amaliya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından "Şöhrət" və "Şərəf" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    .... · 9 Noyabr 11:49120

    ALLAH REHMET EYLESIN SIZE BOYUK SENETKAR OLUMUNUZ MENI COX UZDU HEMISE QELBIMDE YASAYACAQSIZ

    Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Noyabr 13:4580

    Hamının sevdiyi gözəl İNSAN! NUR İCİNDƏ YATASINIZ!

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 14:14142

    Allah rəhmət eləsin.Nə əcəb,Hacı Nuran mərhumə ilə şəklini paylaşmayıb.Allah Nurana da şəfa versin.Artıq yas məclislərində molladan sonra ,məclisə girən ikinci şəxs Hacı Nurandır.

    Cavab yaz
  • Anonim
    Azad · 9 Noyabr 14:3470

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Roya · 9 Noyabr 15:0670

    Allah rehmet elesin.Mezari nurla dolsun.

    Cavab yaz
  • Anonim
    IMF · 9 Noyabr 15:1772

    fexri xiyabanda defn olunmadi idi mence.Duzdu olenden sonra harda defn olunmaginin hec bir menasi olmasada,xalq artisti olduguna gore,milyonlarin sevimlisi olduguna gore xiyabanda defn etmeli idiler

    Cavab yaz
  • Anonim
    Samire · 9 Noyabr 16:1170

    Amaliya Penahova çox güclü aktrisa idi. Çetin obrazlari meharetle öhtesinden gelmeyi bacarırdı. Bütün yaratdığı obrazlar biri- birinden gözel ve maraqlı idi. En yadımda qalan gözel obrazlarından biri de "Heyat bizi sınayır" filmindeki Münevver obrazı oldu. Allah rehmet elesin. Mekanı cennet olsun.

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 16:2850

      Amaliya xanımın ,Şıxəli Qurbanovun "Sənsiz"tamaşasına baxmısınız?Nəsə,Youtube-da tapmıram.Möhtəşəm tamaşa və möhtəşəm roldur.Ayaqüstə alqışlanmalı rol oynayıb orda Amaliya xanım.Tapsanız,baxın.

      Cavab yaz
      • Anonim
        Samire · 9 Noyabr 16:5420

        Çox sağ olun. Görüm hele tapsam baxacam.

        Cavab yaz
  • Anonim
    as · 9 Noyabr 16:4860

    sehnemizden daha bir karifey getdi. Allah rehmet elesin sehnemizin xanım xatun senetkarı

    Cavab yaz
    • Anonim
      Alsu · 9 Noyabr 22:0610

      Allah rehmet elesin, qebri nurla dolsun. Gozel istedadli aktrisa idi. Karifey senetkarlar daha barmaqla sayilasi qeder qaldi. Qerib cinler diyarinda. Amalya Penahova cox gozel oynamiw bu rolunu. Uwaq vaxti maraqla baxardiq. Heqiqetende ele bilirdik ki dogurdan da cinler var. Indiki uwaqlara desenki cinler var, deyer cin sen ele ozunsen. Her weyin dadi duzu gedib. Neceki Gozel senetkarlar gedir, yeri dolmur. Amalya xanim sizin kimisi inanmiram bir daha geler. Yeriniz cennet olsun. Nur icinde yatin.

      Cavab yaz
  • Anonim
    ALIK · 10 Noyabr 02:1900

    GOZEL INSAN TALANLI INSAN AZERBAYCAN OZELI AMALYA XANIMI ITIRDIK AQIR UN COX CETIN GUNDUR MENIMCUNELECEDE ONU SEVENLERCUN DAIMA QELBIMDE YASAYACAQ

    Cavab yaz
  • Anonim
    Dindar · 10 Noyabr 11:0810

    Bele bir el meseli var. "Torpagin alti soyiq olur". Ustu ortulenden sonra, olen insan haminin yadindan cixir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.