Ölkə

Heç vaxt indiki qədər biabırçı durum olmayıb - Baş redaktor

29 Oktyabr 2018 19:06
1 Şərh     Baxış: 2 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar".

"Bu gün elə bir vəziyyət yaranıb ki, media nümayəndələri bəzən müəyyən yerlərdə özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Xüsusilə də iş adamları, əyalətlərdəki dövlət məmurları "jurnalist" sözünü eşidəndə, ilk ağıllarına gələn "reket jurnalistika"nın nümayəndələri olur. Düşünürlər ki, bütün jurnalistlər məhz onlar kimidir".

Bunu Milli.Az-a açıqlamasında tanınmış jurnalist, "Kaspi" qəzetinin baş redaktoru, İlham Quliyev deyib.

Onun sözlərinə görə, "reket jurnalistika" mövzusu son günlər kifayət qədər aktuallaşıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb. Yazılı mediadan internetə transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar. Ayrı-ayrı şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq ən üçün çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.

Əvvəllər cəmiyyətdə belə bir fikir var idi ki, məmurlar, ayrı-ayrı şəxslər gözükölgəli olmasalar, "reket" dediyimiz bu jurnalist adından istifadə edənlərə pul verməzlər. Amma indi bunlar o qədər həyasızlaşıblar ki, "gözükölgəli, gözükölgəsiz"ə baxmadan məqsədlərinə nail olmayınca, hədəfə aldıqları şəxslərdən, obyektlərdən əl çəkmirlər. Məsələn, xəbəri yayırlar, sonra öz çevrələrindəki saytlar vasitəsilə tirajlayırlar. Hədəf seçdikləri adamlarda vahimə yaratmağa çalışırlar. Elə sayt olur ki, bir gündə bir təşkilat, şəxs haqqında 20-25 neqativ yüklü məlumat yayır, bütün yaradıcılığını hədəfə aldığı şəxsin gözdən salınması üçün səfərbər edir. Reaksiya olmadıqda, bir az fasilə verib, 1 ay əvvəlin xəbərini yenidən yayırlar. Xəbərin köhnəlməsi, təkrar olunması onlar üçün önəmli deyil. Təki, hədəfə aldıqları obyekti diz üstə çökdürə bilsinlər...

Bəzən isə sırf ailədaxili məsələlərdən, şəxsi həyat sirlərindən yazır, insanları qurşaqdan aşağı vururlar. Hətta olmayan şeyləri də uydurub, fantaziyalarını yazı nümunəsi kimi qələmə verirlər.

Baxıb görürsən, bir sayt məlumatı yayıb, digər özü kimi sayta istinad edib. İstinad olunan sayta baxırsan, elə bir xəbər tapa bilmirsən. Soruşursan, deyir, 6 ay əvvəl orda belə bir xəbər var idi..."

İ.Quliyev deyir ki, bu üzdəniraqlar elə bir dərəbəylik mühiti yaradıblar ki, ayrı-ayrı şəxslər, dövlət məmurları, iş adamları, şirkət təmsilçiləri hazırda az qala, çarəsiz bir durumdadırlar: "İnsanların bu cür saytlara qarşı hüquq müstəvisində mübarizə aparmaq imkanları da olmur. Məsələn, məhkəməyə vermək istəyirsən, hüquqi ünvanları yoxdur.

Maraqlıdır ki, hətta kimsə pul verib canını qurtarmaq "lüks"ünə də sahib deyil. Hansısa obyektin, şəxsin pul verdiyini görən kimi, öz aralarında xəbərləşərək, mütəmadi şəkildə onu narahat edirlər. Hələ bu azmış kimi, "imkanlı mənbə" tapanda, yeni sayt yaradır, üstəlik, qohumlarına, tanışlarına da sayt yaradıb həmin şəxsdən yazmağı məsləhət görürlər. Bir sözlə, adamın sözün əsl mənasında sonuna çıxırlar. 

Bunların elələri var ki, eyni vaxtda 10-15-20 sayt idarə edir. Heç bir kollektivləri olmur, yalnız bir admin işlədirlər. Bir neçə dəstəbaşıları var ki, fəaliyyətlərin tənzimlənməsi ilə əsasən onlar məşğul olurlar. Bəzi sayt rəhbərlərinin heç ali təhsili də yoxdur. Sosial şəbəkələrdə adi bir status yazanda, bir cümlədə 5-6 səhv buraxırlar, amma ümumilikdə mətbuata dərs keçmək iddiasındadırlar. Bəziləri keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sayt var ki, onun rəhbəri rayonların birində qəssab kimi çalışır. Paralel olaraq da sayt işlədir. Yəni mənzərə bu qədər acınacaqlıdır".

Baş redktor hesab edir ki, "reket saytlar"a qarşı kompleks və təsirli mübarizə başladılmasının vaxtı çatıb: "Bu işi yalnız bir dövlət məmurunun və Mətbuat Şurasının üzərinə yükləmək olmaz. Bu şəxslərə mətbuat nümayəndəsi kimi deyil, kriminal ünsür kimi yanaşılmalıdır. Mətbuatı hər addımbaşı gözdən salan mənbələrə giriş məhdudlaşdırılmalı, sahibləri hüquq müstəvisində cəzalandırılmalıdır. Həqiqi media təmsilçiləri də problemin nə qədər ciddi olduğunu ictimaiyyətə çatdırmalıdırlar. Heç kimdən çəkinmədən, adımızı bədnam edənlərin şantajlarından ehtiyatlanmadan problemi qabartmaq lazımdır. "Reket jurnalistika"ya qarşı mübarizə yalnız hansısa sayt rəhbəri saxlanılarkən deyil, davamlı şəkildə aparmalıdır. Bu işlə məşğul olanlar fəaliyyətlərinə həm ictimai, həm də hüquqi müstəvidə nəzarət olunduğunu hiss etməlidirlər. Yoxsa bu xəmir hələ çox su aparacaq".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.