Ölkə

Narkoloji Mərkəzdəki yandırmaqda təqsirləndirilən şəxsdən oğluna: "Adamın namusu, vicdanı, kişiliyi olar"

23 Oktyabr 2018 18:54
0 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emin Quliyev ifadə verib.

O deyib ki, narkotik istifadəçisi olub və hadisədən 20 gün əvvəl Mərkəzdə müalicə almağa gedib: "Orada həkimim Afət xanım idi. Mən 16-cı, Məhəmməd isə 14-cü palatada qalırdı. Hadisə zamanı məni bir palatada yatdığım şəxslər oyatdı. Dərmanların təsirindən ağır yatırdım. Oyandığımda hər yer yanırdı. Tüstüdən çətinliklə çölə çıxdıq. Əlim yanmışdı, özüm də boğulurdum. Kimsə məni dartıb çölə çıxartdı. Həmin vaxt Məhəmmədi görmədim".

Hakim bildirib ki, zərərçəkənin məhkəmə və istintaqa verdiyi ifadə arasında bəzi ziddiyyətlər var.

E.Quliyev istintaqda verdiyi ifadəsini oxumadığını və məhkəmədə danışdıqlarının doğru olduğunu qeyd edib.

Daha sonra şahid qismində təqsirləndirilən M.Məmmədovun oğlu Vahid Məmmədov yenidən dindirilib.

M.Məmmədov oğlunu yalan danışmaqda ittiham edib: "O, kiminsə sözünə uyub burda yalan danışır. Mən heç vaxt "evi yandıracağam" deməmişəm. Anası da bunu ev üstündə məhkəməyə verib. Düzünü danış. Adamın namusu, vicdanı, kişiliyi olar".

Prosesdə şahid qismində M.Məmmədovun bacısı Bəsti Yəhyayeva da dindirilib. O söyləyib ki, yanğından sonra qardaşı evlərinə gəlib: "Məhəmməd Mərkəzin yandığını dedi. Səbəbini soruşanda "bilmirəm" cavabını verdi. Qardaşım özünü günahı olan adam kimi aparmırdı. Üst-başı pis gündə idi. Hətta ayağında ayaqqabısı da yox idi. Pul verdim ki, gedib özünə ayaqqabı alsın".

B.Yəhyayeva qardaşının həbs olunma xəbərini televizordan eşitdiyini qeyd edib: "Onun belə bir hadisə törətdiyinə inanmıram".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata ayrılıb. O daha sonra dünyasını dəyişib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.