Ölkə

Bakıda taksi sürücüsünün maşınını "moyka"da oğurladılar: indi də cərimə tələb edirlər

17 Oktyabr 2018 12:14
4 Şərh     Baxış: 2 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən "moyka"nın işçisinə maşını yuması üçün açarı vermişəm, sürməsi üçün yox.

Milli.Az xəbər verir ki, Rəşad Əlizadə adlı vətəndaş avtosfer.az-a şikayət məktubu göndərərək üzləşdiyi problemi diqqətə çatdırıb. Bildirib ki, oktyabr ayının 5-i axşam saat 20-21 radələrində məhəllədə 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını həmişə olduğu kimi, içini-üstünü təmizləməyə verib.  

"Hər gün olduğu kimi gecələr taksi fəaliyyəti ilə məşqul olmaq üçün işə çıxmağa hazırlaşırdım. 99-AV-981 dövlət nömrə nişanlı avtomobili "moyka"ya qoyub evə qalxdım və 2 saat sonra aşağı düşdüm ki, maşınımı götürüb işə çıxım. "Moyka"da maşınımı görməyəndən sonra təlaşnandım. Maşını yumaq üçün açar verdiyim Ceyhuna zəng etdim və telefonda onu danladım ki, mənim icazəm olmadan nə üçün maşınımı götürüb getmisən. O, qayınatasıgilə təcili getməsi lazım olduğunu söylədi və dedi ki, indi yoldayam qayıdıram. Yerini soruşdum bildirdi ki, "Vorovskiy" adlanan yerdəyəm, 5 dəqiqəyə çatıram. 15 dəqiqə sonra zəng etdim nömrəsinə zəng çatmadı.
 
Yarım saat keçdikdən sonra məcbur olub 102-yə zəng edib bu haqda məlumat verdim. Bir az sonra Ceyhun özü maşınsız olaraq gəldi. Maşının harda olduğunu soruşdum. Bu əsəbi halda mənə "özüvü cırma, maşını bir azdan verəcəm sənə" deyib "moyka"nın şüşələrini qırmağa başladı. Mən onun içkili olduğunu nəzərə alıb kənara çəkildim ki, polisin gəlməsini gözləyim.
 
Polis gəldikdən sonra onu və məni polis maşınına mindirdilər və 5-6 cərimə meydançalarını gəzdikdən sonra "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən "SİQNAL" İdarəsinin cərimə meydançasında öz maşınımı tapdıq. Maşına baxış keçirdikdən sonra 7-ci polis bölməsinə gedib orada ərizə və şikayətimi yazdım. Təhqiqatçı heç cür icazə vermədi mənə, "cavan oğlansan işverenlik sənə yaraşmaz" dedi və olduğu kimi şikayətimi yazımama izn vermədi. Məcbur olub onun dediklərini yazıb bitirdim. Maşını oğurlanan və zərərçəkən mən, amma günahkar kimi mənimlə davranıldı. Hadisə 5-ci gün gecə olduğundan, 6-cı gün iş günü olmadığı üçün polis məni dəvət etmədi.
 
Moykanın sahibi, Rizvan adlı şəxs mənə zəng edib mənimlə görüşməyi xahiş etdi və mən də gedib görüşdüm. Xahiş etdi ki, ərizəmi geri götürüm. Mən bildiridim ki, heç kimlə düşmənçiliyim yoxdur. Maşınımı mənə verin və şikayətimi uzadacaq deyiləm. Bu gün artıq neçənci gündür ki, maşınsızam və həftənin birinci günü polis bölməsinin təhqiqatçısı Eldar adında şəxs məni bölməyə çağırıb dedi ki, sənin sənədlərini göndərirəm Dövlət Yol Polisi İdarəsinə, bu işdə oğurluq faktı olmadığı üçün sənin də günahın var. Çünki maşını sən ona könüllü olaraq vermisən və sən də cərimə ödəyib maşınını götürə bilərsən. Aidiyyəti orqanlardan xahiş edirəm ki, insafla yanaşıb vicdanla məsələyə qiymət versinlər.
 
Əgər mənim günahım maşının açarını "moyka"nın işçisinə verməkdədirsə, hər birimiz bu günahı edirik. Çünki maşının yuyulması üçün açar vermək vacibdir. Açar verməkdə səbəb odur ki, maşını birinci "boksa" salıb orda "napor"layıb yuyurlar və sonra da bayıra çıxardıb qurulayırlar. "Moyka" rəsmi qeydiyatdan keçdiyi üçün maşını müştəri verdikdən və təhvil alana qədər məsuliyyəti öz üzərinə götürməlidir.
 
Əgər heç bir məsuliyyət daşımırsa, deməli, bu tip "moyka"ların işlədilməsinə icazə verilməməlidir. Mən "moyka"nın işçisinə maşını yuması üçün açarı vermişəm, sürməsi üçün yox. Xahiş edirəm mənə qarşı yaranan bu haqsızlığa qarşı köməklik göstərilməsi üçün bütün lazımi tədbirləri göstərəsiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.