Ölkə

Millət vəkili: "İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər"

12 Oktyabr 2018 13:30
Baxış: 446

Azərbaycanda bir qrup insan bir mənzili bir neçə nəfərə satır, vətəndaşların vəsaitləri mənimsənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vətəndaşlara hüquqi əsası olmayan müqavilə verilir: "İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər".

Deputat vurğulayıb ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir insanı həbsə salırlar. Onun fikrincə, belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır: "Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.