Ölkə

Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi-"Soprano" qrupunun konserti olacaq

11 Oktyabr 2018 16:32
Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Turetski xoru"nun oktyabrın 10-da Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

"Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir - qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə - ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür.

Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər - klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin - Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.

"Turetski xoru" və "Soprano" art qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. "Soprano" Pekində dünyanın ən böyük teleşoularından olan "Spring Festival Global Gala 2016"da çıxış edib və həmin televiziya efirini 1 milyard tamaşaçı izləyib.

Qeyd edək ki, "Turetski xoru"nun Heydər Əliyev Mərkəzində ötən gün keçirilən konserti anşlaq və maraqla izlənilib.

Daha bir gözəl şou-"Soprano" art qrupunun konsertinin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

https://iticket.az/az/events/concerts/the-soprano-group-s-concert/4152

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.