Ölkə

Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq

11 Oktyabr 2018 17:24
1 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 3 ay ərzində qanunsuz ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib.

F.Əliyevin sözlərinə görə, bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib:

"Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb".

F.Əliyev deyib ki, aparılan təhlillər göstərir ki, nazirliyin "qaynar xətt"inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var:

"May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub.

Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə nazirlik tərəfindən təşəkkür bildirilib.

Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ağac kəsintisi tamamilə aradan qalxmayıb. Ölkə başçısının da Nazirlər kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb".

Nazir müavininin sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq.

Bundan başqa, F.Əliyev əlavə edib ki, Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılması nəzərdə tutulur.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hesab edirik ki, nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir:

"Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək. Bu gün deyə bilərik ki, görülən tədbirlərin müəyyən nəticəsi var".

İ.İbrahimova deyib ki, aparılan statistika və müşahidələr göstərir ki, son aylarda həm meşə sahələrində, həm də yaşıllıq massivlərində qanunsuz ağac kəsimi azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.