Ölkə

Dünya Ürək Günü ilə əlaqədar Bakıda xeyriyyə aksiyaları keçirilir - FOTO

25 Sentyabr 2018 17:08
0 Şərh     Baxış: 1 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 sentyabr - Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Cəmiyyətdən Milli.Az-a verilən məlumata görə, Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyalarını təşkil edilir:

"Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün fəaliyyət göstərmək bizim hər birimizin borcudur. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti olaraq biz hər il qocalar evinə və uşaq evlərinə bu cür ziyarətlər həyata keçiririk. 29 sentyabrda bütün dünyada qeyd edilən Dünya Ürək Gününü biz də ənənəvi olaraq qeyd edirik. Bu ilki tədbirlərimiz ilk olaraq Şağan qəsəbəsindəki uşaq evi ilə başladı. Burada məskunlaşmış 170-dən artıq uşaq Xəstəxanamızın həkim briqadası tərəfindən müayinədən keçirildi, onlara uyğun müalicə kursu yazıldı".

Bu cür aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirən Dr. Kamran Musayev əsas məqsədin müayinə və müalicəyə ehtiyacı olan insanlara yardım etmək olduğunu deyib.

Məlumat üçün bildirək ki, Dünya Ürək Günü ilə əlaqədar növbəti aksiya sentyabrın 28-də Gənclik Mall ticarət mərkəzində baş tutacaq. Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə keçiriləcək aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.

Sentyabrın 27-də isə Hyatt Regency otelində KRKA Şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlər üçün Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.