Ölkə

Azərbaycanda elektrovoz relsdən çıxıb - Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib - YENİLƏNİB

22 Sentyabr 2018 10:16
0 Şərh     Baxış: 4 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:16

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az-a bildirib ki, gecikmə həqiqətən yolda baş vermiş qəza ilə bağlıdır: "Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı sentyabrın 22-si saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Qəza zamanı hər hansı xəsarət hadisəsi qeydə alınmayıb.

Sərnişinlərin Bakıya çatdırılmasını təmin etmək üçün onlar arxadan gələn qatara yerləşdirilib. Böyük-Kəsikdən gələn qatarda sərnişinlərin sayı çox olmadığına görə, bu elə də ciddi problem yaratmayıb. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bununla əlaqədar qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə qeydə alınıb. Hazırda qərb istiqamətindən gələn qatarlar Bakıya yaxınlaşırlar". 

Şöbə rəisi əlavə edib ki, qəza baş verməsi səbəblərinin araşdırılması üçün komissiya yaradılıb.

-------------

09:59

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.

Milli.Az xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən Milli.Az-a verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə Ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu relsdən çıxıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az bildirib ki, az sonra ictimaiyyətə hadisə ilə bağlı geniş şəkildə rəsmi məlumat veriləcək.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.