Ölkə

Bərpa Müalicə Mərkəzinə daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb - FOTO

21 Sentyabr 2018 14:57
1 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) daxil olan 1 yaşına qədər uşaqların sayı 40 faiz artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Səhiyyə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicə üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən UBMM-ə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb.

Burada körpələrə ilkin bərpa müalicəsi aparılır, bərpa müalicəsinin tez başlaması isə daha müsbət nəticə əldə etməyə kömək edir. Mərkəzdə erkən yaşlı uşaqlarda əlilliyin aşkarlanması və erkən reabilitasiya sahəsində təlimlər keçirilib. Təlimlərdə Bakı və Azərbaycanın rayonlarından 300-dən artıq həkim maarifləndirilib.

Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv surətdə iştirakına səy göstərilir. Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər.

Qeyd edək ki, 1988-ci ildən fəaliyyət göstərən Uşaq Bərpa Müalicə Mərkəzi bu ilin sentyabrında 30 illiyini qeyd edir. UBMM Respublikada ilk Uşaq Bərpa Mərkəzi olaraq Azərbaycanda uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların reabilitalogiyasının inkişafına çalışan tibb müəssisəsidir.

Mərkəz Azərbaycan Prezidentinin sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Mərkəzdə Bərpa-müalicə şöbəsi, Fizioterapiya və tibbi bərpa şöbəsi, Klinik diaqnostik laboratoriya da fəaliyyətdədir.

UBMM-ə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi xəstələr müalicə qəbul edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2020-ci illər üçün Dövlət Proqramı"na əsaslanaraq, uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası, müalicə sayəsində UBMM-də bir sıra işlər aparılır.

Uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Reablitasiya kursu müalicənin mümkün qədər tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çoxmərhələli, uzunmüddətli bərpa müalicəsinin təşkilinə əsaslanır. Mərkəzə gələn hər bir pasiyent üçün onun yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reablitasiya kursu tərtib olunur.

Uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin reabilitasion müalicənin erkən başlanması ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.