Ölkə

Aşura acizanə bir matəm mərasimi deyil - Hacı Şahin Həsənli

20 Sentyabr 2018 07:00
Baxış: 6 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zaman-zaman bu hadisənin mahiyyətini təhrif etməyə, onu gözdən salmağa cəhd göstərənlər müəyyən insanlar olub, bu gün də var".

"Azərbaycanda məhərrəmlik, Aşura mərasimləri tarixən qeyd olunub, bu gün də keçirilir. Hətta Sovet hakimiyyəti illərində də bunun keçirilməsini tam əngəlləmək mümkün olmayıb. Bu, Azərbaycan xalqının, azərbaycanlıların Əhli-Beytə (Hz.Muhəmməd Peyğəmbərin (s.ə.a.s.) ailə üzvlərinə - red.) olan sayqı və sevgisinin göstəricisidir.

Azərbaycan nadir ölkələrdəndir ki, burada unikal dövlət-din münasibətləri modeli var və o, daim müsbət məcrada inkişaf edir. Ölkəmizdə dövlətin dinə diqqət və qayğısı var, burada dini tolerantlıq, vicdan azadlığını təmin edilir, məscidlərin, məbədlərin dövlət tərəfindən bərpa və təmir edilməsi həyata keçirilir. Aşura mərasimlərini də dini qurumlar dövlət qurumları ilə birgə əməkdaşlıq şəklində həyata keçirirlər. Bunlar nümunəvi tədbirlərdir. Yüzlərlə, minlərlə insan məscidlərə toplaşır və hansısa xoşagəlməz hadisə baş vermir. İnsanlar bir-birinə əl tutur, yardım edir. Həmçinin, Aşura günü bütün şəhidlərimiz də yad olunur, ölkədəki şəhidlər xiyabanları ziyarət edilir. Belə davranışlar bir daha bizim Əhli-Beytə, Kərbəla məktəbinə və bu məktəb vasitəsilə dövlətimizə, Vətənimizə bağlılığımızı ifadə edir".

Bu barədə Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənli məhərrəmlik və Aşura barədə fikirlərini bölüşərkən bildirib.

İlahiyyatçısının sözlərinə görə, Aşura zamanın və məkanın fövqündə duran hadisədir: "Əhli-Beyt Azərbaycanda həmişə insanların birləşdirən ortaq bir dəyər olub və indi də belədir. Hər il İmam Hüseyn (ə.s) və silahdaşlarının Kərbəlada şəhid olması gününün yad edilməsinin əsası budur ki, onlar dünya mənafeyi, qarışıqlıq salmaq, fitnə-fəsad törətmək üçün yox, məhz Allah rizası üçün bu hadisəni yaratdılar. İmam Hüseynin (ə.s) özü də qeyd edir ki, mən fitnə-fəsad törətmək üçün yox, cəddim babam peyğəmbərin dini, ümmətini islah etmək üçün bu hərəkata başlayıram. Bu işi məhz Allah xatirinə görmələri insanların qəlbində onlara qarşı məhəbbət yaradır.

Bu, acizanə bir matəm mərasimi deyil. Bu insanlar qəhrəmandırlar, fədakarlıq, mərhəmət nümunəsidirlər. Məhz Əhli-Beytə sayqı xalqımızın qəlbində həmin o mərhəmət, məhəbbət duyğularını yaşadır. Çünki İmam Hüseyn (ə.s) zorakılıq etmədi, əksinə, özü zorakılığa məruz qaldı. Biz də indi onu yad etməklə zorakılığa qarşı olduğumuzu ifadə edirik.

Azərbaycan xalqının özü də zorakılığa, təcavüzə məruz qalıb, torpaqlarımız işğal olunub, azərbaycanlılara qarşı zaman-zaman amansız soyrıqım həyata keçirilib. Bakıda, Lənkəranda, Şamaxıda, Qarabağda, Xocalıda və digər yerlərdə soydaşlarımız amansızcasına qətlə yetirilib. Aşura günü həm də bütün bu həqiqətlərin insanlara çatdırılması üçün bir fürsətdir. Çünki Aşura şəhidlərin günüdür. Həmin gün bütün şəhidlər yad edilir. Bu, gənclərimizdə vətənpərvərlik hisslərinin yaranmasına, güclənməsinə də təsir edir. Aşura ortaq qəmdir, amma sırf matəm deyil. Aşura həm də bir şəhidlik örnəyi, ləyaqətlə yaşamaq dərsidir. Ona görə də bu gənclərimizə də belə örnəklər lazımdır. Aşura, Kərbəla hadisəsi, İmam Hüseynin (ə.s.) şəhidliyi zamanından və məkanından asılı olmayaraq insanlar üçün bir nümunədir, ibrət dərsi deməkdir. Bu hadisənin bütün zamanlar üçün aktual məqamları, mesajları var. Bu baxımdan zaman və məkanın fövqündə durur".

Hacı Şahin Həsənli qeyd edib ki, zaman-zaman bu hadisənin mahiyyətini təhrif etməyə, onu gözdən salmağa cəhd göstərənlər müəyyən insanlar olub, bu gün də müxtəlif ölkələrdə var: "Ona görə də Aşura mərasimləri keçirilən zaman diqqət edilməlidir ki, hər hansı ifrata yol verilməsin. Bədəndən qan çıxarmaq, baş yarmaq və s. belə əməllər İslam dini nöqteyi-nəzərindən haram olduğu kimi, hadisənin də mahiyyətini kölgə altına almağa xidmət edir, onu təhrif edir. Aşura günü bir fədakarlıq günüdür. Ona görə də Azərbaycanda təziyə mərasimləri ilə yanaşı qanvermə aksiyaları keçirilir, insanlar öz qanını xəstələrə hədiyyə edirlər. Həmin o qan çıxarmaq istəyən insanlar da bu təşəbbüsə qoşulmalıdır. Çünki insanlara həyat bəxş etmək dinimizin ən təməl prinsiplərindən biridir. Quranda qeyd olunur ki, kim bir insanı diriltsə, sankı bəşəriyyəti diriltmiş olur. Yəni Aşura insanları humanizmə, insansevərliyə, həmçinin ləyaqətlə yaşamağa dəvət edir. Bu mənada Azərbaycan insanı, gəncləri üçün gözəl örnəklər var".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.