Ölkə

Çindən sonra lider olan Azərbaycanın şəhər və kəndlərində cins nisbəti yenidən dəyişdi

19 Sentyabr 2018 15:26
2 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malik olan Azərbaycanın kənd yerlərində hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb, şəhər yerlərində isə artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bioloji normaya görə, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olsa da, 2011-2014-cü illərdə Azərbaycanda bu göstərici 116, 2015-2017-ci illərdə isə 114 olub.

Keçən il şəhər yerlərində hər 100 yeni doğulan qıza 113 (2016-cı ildə 112), kənd yerlərində isə 114 (2016-cı ildə 116) oğlan düşüb.

Son 27 il ərzində Azərbaycanda oğlan və qız nisbətinin bioloji normaya uyğun olan ən aşağı göstəricisi 1991-cı ildə müşahidə edilib. Həmin ildə şəhər yerlərində hər 100 doğulan qıza 107, kənd yerlərində 105, ümumilikdə ölkə üzrə isə 106 oğlan düşüb.

Ölkə üzrə oğlan-qız nisbətinin ən yüksək göstəricisi 2003 və 2009-cu illərdə qeydə alınıb. Həmin illərdə Azərbaycanda hər 100 yeni doğulan qıza 118 oğlan düşüb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri də yenidoğulanlar arasında cins nisbətinin pozulmasından narahatlıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarına üstünlük verilməsinin növbəti illərdə də davam etmə ehtimalı nəzərə alınsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsi yarana bilər.

BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər.

Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.