Ölkə

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb - FOTO

19 Sentyabr 2018 12:58
Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, anım günü münasibətilə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyan alimdir: "3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib".

İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib:

"Yeni ərəb ədəbiyyatında bu təsirin çox böyük izləri öz əksini tapıb. Belə ki, ərəb şairlərinin və yazıçılarının yazdığı əsərlərdə milli xüsusiyyətlər saxlanılmaqla süjet dairəsi çox genişlənib. Ərəb ədəbiyyatı orta əsrlər arxaizmlərindən azad olundu və dünya miqyasına çıxan yeni ərəb ədəbiyyatı yarandı. Aida xanım bu əsərləri yazarkən həm Qərb ədəbiyyatından - ingilis və fransız, eyni zamanda rus dilli ədəbiyyatdan geniş istifadə etdi".

G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva rus tənqidi realizminin nümayəndələrinin - A.P.Çexovun, F.M.Dostoyevskinin, L.N.Tolstoyun, N.V.Qoqolun çox gözəl bilicisi idi:

"O, Belinskini demək olar ki, sətir-sətir öyrənmişdi. Belinskinin ərəb ədəbiyyatına, xüsusilə Mixail Nuamə adlı Livan yazıçının yaradıcılığına təsirini ilk dəfə Aida xanım öyrənmişdi. Mən deyərdim ki, ərəblər özləri mühacirətdə yaranmış ərəb ədəbiyyatını - ərəb məhcər ədəbiyyatını Aida xanım qədər dərindən tədqiq edə bilməyiblər. Odur ki, onun əsərləri bu gün də tələbələrin, tədqiqatçıların stolüstü kitabıdır. Dünyada bu gün elə bir alim tapılmaz ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində mühacirətdə yaranmış yeni ərəb ədəbiyyatını tədqiq etsin, amma Aida xanımın əsərlərinə müraciət etməsin".

Alim qeyd edib ki, Aida xanım ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub: "Bu gün Aida İmanquliyevanın yaradıcılığı tədqiqat obyektinə çevrilib. Onun haqqında olan, eyni zamanda, alimin öz əsərləri bu gün bir çox dillərə tərcümə olunaraq işıq üzü görüb. Alim heç vaxt dünyasını tam dəyişmir. O, bu gün bizdən cismən ayrılıb, ruhən bizimlədir. Onun ruhu bütün əsərlərində yaşayır. Dünya şərqşünaslıq elmi durduqca Aida xanımın da əsərləri yenidən oxunacaq və onlara müraciət olunacaq, onun yaratdığı ədəbiyyatlardan istifadə olunacaq. Biz inanırıq ki, gələcək nəsillər də böyük minnətdarlıqla belə bir böyük alimi yad edəcəklər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.